“Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabı çapdan çıxıb.
Teleqraf.com-un məlumatına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi ilə çap olunan kitabda birgəyaşayışın Azərbaycan modeli faktlar və sənədlər əsasında araşdırılıb, tolerantlığın milli mentalitetimizə xas keyfiyyət olduğu çoxsaylı qaynaqlara müraciət etməklə sübuta yetirilib.
Araşdırmanın məqsədi milli azlıqların tədqiq edilməyən və yaxud da araşdırmaya az cəlb olunan tərəflərinin öyrənilməsi olub. Tədqiqatda ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısı öyrənilib.
Təqdim olunan araşdırmada milli azlıq anlayışının xarakteristikası və multikulturalizm istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilib. Həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilib, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü mühüm işlər diqqətə çatdırılıb.
Kitabda politoloqlar, etnoqraflar, tarixçilər, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə təhsil alan doktorantlar, tədqiqatçılar, xüsusən də “Azərbaycan multikulturalizmi” fənnini tədris edən müəllimlər və bu sahədə təhsil alan tələbələr istifadə edə bilərlər.
Kitaba ön sözü siyasi elmlər doktoru, professor Elman Nəsirov yazıb, elmi redaktoru isə filologiya üzrə elmlər doktoru İdris Abbasovdur.
BƏXTİYAR