4 İyun 2015 20:36
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron sənəd dövriyyəsinin təqdimatı keçirilib. Tədbirə Azərbaycanın İKT sahəsi üzrə ekspertləri və digər ali təhsil müəssisələrinin nümayəndələri qatılıb.

ADİU-nun Marketinq və Kommunikasiya Departamentindən Teleqraf.com-a verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru Ədalət Muradov bildirib ki, elektron sənəd dövriyyəsinin tətbiqi ilə universitetin kargüzarlıq sistemində kağızdan istifadə tamamilə ləğv olunub. Ədalət Muradov əlavə edib ki, “Doc.net” proqram təminatı əsasında hazırlanan yeni sənəd dövriyyəsi qənaətcillik, çeviklik və şəffaflıq baxımından xeyli faydalıdır. O, digər universitetlərə də elektron sənəd dövriyyəsinin tətbiqi istiqamətində köməklik göstərməyə hazır olduqlarını bildirib.

Mərasimdə “Ultra” şirkətinin nümayəndələri ADİU-da tətbiq edilən elektron sənəd dövriyyəsinin fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat veriblər. Bildiriblər ki, sistem Prezidenti İlham Əliyevin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a tam uyğunlaşdırılıb.

İştirakçılara məlumat verilib ki, sistem üzərindən dünyanın istənilən yerindən sənədə icazə almaq, imzalamaq və ya gözdən keçirmək mümkün olacaq. Qeyd olunub ki, mobil cihazlar vasitəsilə də sistemə qoşularaq bu imkanlardan yararlanmaq olacaq. İnterfeysi Azərbaycan dilində olan proqram təminatının təhlükəsizliyi ən qabaqcıl texnologiyalar əsasında hazırlanıb.

Təqdimatçılar sistemin hazırlanmasında və istifadəsində Oracle, DELPHİ və Java texnologiyalarından, BULUD platformasından, həmçinin Microsoft, HP Cisco avadanlıqları, eyni zamanda proqram təminatlarından istifadə edildiyini diqqətə çatdırıblar. Sonda İKT sahəsi üzrə ekspertlər və Ultra şirkətinin nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar.

SEVİL


Müəllif:

Oxşar xəbərlər