23 May 2014 18:15
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Elxan Süleymanovun Şamaxıdakı qərargahında bir neçə gün əvvəl onun təşəbbüsü və dəstəyi ilə start götürən Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinə dair mətbuat-konfransı keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vise-prezidenti Vəli Əlibəyov açıb. O, millət vəkilinin Şamaxı rayonundakı fəaliyyətindən, o cümlədən gənc nəslin inkişafı və formalaşmasında milli-mənəvi dəyərlərin aşılanması, gənc istedadların üzə çıxarılması və tanıdılması istiqamətində gördüyü işlər haqqında danışıb.

Sonra Təşkilat Komitəsinin sədri İradə Yaqubova hazırlıq işlərindən, müsabiqənin keçirilmə şərtlərindən ətraflı məlumat verib və tədbir iştirakçılarının bir çox suallarını cavablandırıb.

Hər zaman olduğu kimi bu dəfə də E.Süleymanovun təşəbbüsünü bəyənib dəstəklədiklərini bildirən Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi millət vəkili seçildiyi gündən rayon və sakinlər üçün bir çox işlər gördüyünü, yetişən nəslin maarifləndirilməsi və inkişafı baxımından hər zaman bu cür təşəbbüslərlə çıxış etdiyini vurğulayıblar. Onların sözlərinə görə xalqımıza Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Abbas Səhhət, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş etmiş və dahi Sabiri yetişdirmiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biridir. Bu gün də burada kifayət qədər istedadlı gənclər var və onlara sadəcə təkan vermək lazımdır.

Qeyd edək ki, mətbuat konfransından dərhal sonra mahnı müsabiqəsində iştirak etmək istəyən onlarla gənc Təşkilat Komitəsinə sənədlərini təqdim edərək seçim turunda iştirak etmək üçün qeydiyyata alınıblar.

BƏXTİYAR


Müəllif: