5 İyun 2015 15:12
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Daxili qulağın protezləşməsi” əməliyyatlarının icrasına başlanılıb.

Bu barədə Teleqraf.com-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. Bu əməliyyatın köməyilə anadangəlmə, eşitmə qabiliyyəti heç olmayan uşaqların eşitməsi bərpa olunur.

İyunun 4-də Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı Səadət və 4 yaşlı Ömərin üzərində aparılan əməliyyat uğurla nəticələnib. Ayın 5-də isə 2 yaş 2 aylıq İbrahim əməliyyata olunub. Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman-həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakilə aparılır.

Yusif Hacıyevin sözlərinə görə, “Daxili qulağın protezləşməsi” əməliyyatlarının anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır: “Universitetin Tədris Cərrahiyyə Klinikası bu əməliyyatların həyata keçirilməsi üçün hər cür şərait və avadanlıqla təchiz olunub . Xəstələrin vəziyyəti həm əməliyyat öncəsi, həm əməliyyat icrası baxımından dəyərləndirilir. Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərməkdədir. Bu əməliyyatların uğurlu keçməsi tək bir cərrahın deyil, böyük komandamızın yüksək səviyyəli işinin nəticəsidir”.

Yusif Hacıyev bildirib ki, eşitməsində anadangəlmə problem olan, qətiyyən eşitməyən uşaqlarla bağlı hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Lakin həkim belə problemi olan uşaqların həkimə erkən yaşlardan müraciət etmələrini məsləhət görür: “Çünki belə əməliyyatların 4 yaşa qədər icrası məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür”.

Naibə QURBANOVA


Müəllif: