Siyasi qüvvələr artıq qarşıdan gələn seçkilərlə bağlı mövqelərini dəqiqləşdirib.
Müsavat 70-ə yaxın dairədə namizədini müəyyən edib. “Azadlıq-2015" blokuna daxil olan partiyalarda dairələr üzrə razılıq əldə edilib. ”Qarabağ" bloku artıq müzakirələrə başlayıb.
Ancaq AXCP Milli Şura ilə birlikdə hələlik seçkilər haqqında düşünmür.
Görünən budur ki, bu qurumda seçkiyə gedib-getməmək məsələsində ciddi fikir ayrılıqları mövcuddur. Məhz bu səbəbdən də qərar verilmir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyir ki, yaxın günlərdə partiyanın rəsmi orqanlarında seçkilər məsələsi müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, aparılan müzakirələrin nəticəsində qərar veriləcək: “AXCP-nin seçki ilə bağlı mövqeyi Millin Şura çərçivəsində müəyyən olunacaq. Seçkilərlə bağlı ilk olaraq hazırkı şəraitdə və şərtlərdə seçkilərdə iştirak edib-etməmək məsələsinin həll olunmasıdır. Bu qərara uyğun olaraq addımlar atılacaq, seçki strategiyası dəqiqləşdiriləcək”.