8 İyun 2015 19:04
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərgiz Paşayeva: “Nizami Gəncəvi adına Elmi Mərkəzin məqsədi müvəqqəti funksiya deyil, 800 illik tarixə malik Oksford Universitetində daimi qalmaqdır”

İyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı elmi-praktik konfrans keçirilib. Nizami Gəncəvi Mərkəzinin ilk tədbirində Oksford Universiteti ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil ocaqlarının, eləcə də Avropanın bir sıra qabaqcıl universitetlərinin Yaxın Şərq və Qafqaz bölgəsi üzrə mütəxəssis alimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin direktorları professorlar Robert Hoyland və Nərgiz Paşayeva konfrans iştirakçılarını salamlayıb və Mərkəzin ilk tədbirinə tanınmış nüfuzlu alimlərin böyük maraq göstərmələrini yüksək dəyərləndiriblər.

Professor Robert Hoyland tədbir iştirakçılarına Mərkəzin yaranma tarixindən danışıb və onun ərsəyə gəlməsində həmkarı professor Nərgiz Paşayevanın xüsusi əməyinin olduğunu diqqətə çatdırıb. O, konfransın əhəmiyyətini qeyd edib və Mərkəz tərəfindən görülən işlər haqqında məlumat verib.

Professor Nərgiz Paşayeva belə bir tədbirin keçirilməsindən böyük məmnunluq duyduğunu bildirib. N.Paşayeva deyib: “Artıq bir neçə ildir ki, mənim peşəkar həyatımda yeni bir mərhələ başlayıb. Bu, Oksford Universiteti ilə qurulan, rəsmi statusa malik və artıq universitetin bir hissəsi kimi qəbul olunan Nizami Gəncəvi adına Mərkəzin yaradılmasıdır”.

Daha sonra N.Paşayeva XX əsrdə Azərbaycan elminin keçdiyi mürəkkəb tarixi inkişaf dövrünə nəzər yetirib. Xüsusi olaraq vurğulayıb ki, humanitar elmlər kommunist ideologiyasının ciddi təzyiqlərinə məruz qalsa da, o dövrdə Azərbaycan alimləri dəyərli elmi əsərlər yaratmağa müvəffəq olublar. O zamanlar xüsusilə türkologiya, etnogenez, Azərbaycanın milli-mədəni mənsubiyyətini, zəngin tarixini araşdıran tədqiqatlara qarşı sovet ideologiyası tərəfindən yaradılan süni maneələr bu araşdırmaların dünya elmi səviyyəsinə çıxarılmasına əngəl törədib. Həmçinin elmi tutuma malik olan nəzəri kitablar Avropa dillərinə tərcümə edilməyib.

Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı bir çox məsələlərin hazırda dünya elmi ictimaiyyəti üçün böyük maraq doğurduğunu vurğulayan N.Paşayeva deyib: “Ümid edirəm ki, biz, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin vasitəsilə Azərbaycan və onun yerləşdiyi bölgə haqqında dünyanın elmi ictimaiyyətində maraq doğuran bütün suallara cavab tapa biləcəyik”.

Dəvəti qəbul edərək konfransa qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirən Nərgiz Paşayeva çıxış üçün sözü Böyük Britaniyanın Bizans imperiyasının tarixi üzrə ən tanınmış mütəxəssislərindən sayılan Oksford Universitetinin Korpus Krtisti Kollecinin fəxri üzvü professor Ceyms Hovard-Constona verib. Professor Hovard-Conston konfrans mövzusunun əhatə etdiyi dövrdə baş vermiş proseslərə nəzər yetirərək o zaman Qafqaz bölgəsində mövcud olmuş ictimai-siyasi və mədəni tarixi mənzərəni canlandırmağa çalışıb. Bu günə qədər Oksford Universitetində Azərbaycanın və Qafqazın kifayət qədər öyrənilmədiyini qeyd edən professor Conston Nizami Gəncəvi adına Mərkəzin Oksforddakı fəaliyyətini çox müsbət qiymətləndirib və bu qəbildən olan elmi tədbirlərin vacibliyini vurğulayıb. O, həmçinin ilk dəfə olaraq Azərbaycan dilini Oksford Universitetində dinləməkdən böyük zövq aldığını iştirakçıların diqqətinə çatdırıb.

Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın təbliği cəmiyyətinin şura üzvü Eberhard Zauer “Son qədim dövrdə və erkən Orta Əsrlərdə Qafqaz və Alan qapılarının arxeologiyası (Gürcüstandakı Dəryal keçidi)” mövzusunda çıxış edib. Professor Zauer Nizami Gəncəvi adına Mərkəzin təşəbbüsü ilə Azərbaycanın Bərdə şəhərində aparılacaq arxeoloji tədqiqatların əhəmiyyətini və bu tədqiqatın göstərilən tarixi dövrünü daha dərindən öyrənilməsi baxımından vacibliyini bildirib.

İngiltərənin Durham Universitetinin arxeologiya üzrə doktoru Dan Lourens “Sasani imperiyasının Qafqazdakı sərhədlərinin qiymətləndirilməsi və landşaft arxeologiyasının yanaşması” mövzusunda çıxış edib və Mərkəzin Bərdə arxeologiya layihəsinin onun elmi maraq dairəsinə daxil olduğunu, bu layihənin işinə cəlb edilən mütəxəssislərlə birgə çalışmaq arzusunu diqqətə çatdırıb.

Oksford Universitetinin tarix fakültəsinin doktorantı və Nizami Gəncəvi adına Mərkəzin tədqiqatçısı Nik Evans “Xəzər-Pont əlaqələri: Alanlarla bağlı yanaşmalar” mövzusunda elmi tədqiqat işini təqdim edərək Azərbaycan da daxil olmaqla Qafqaz bölgəsi haqqında o dövrün aparıcı siyasi mərkəzlərində olan mövcud təsəvvürlər barədə danışıb.

Erkən Orta Əsrlər dövründə Qafqazda mövcud milli etnik və sosial-siyasi vəziyyət haqqında elmi məruzə ilə çıxış edən London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Universitetinin tədqiqatçısı Con Latham “Şimali Qafqazda siyasi hakimiyyətin transformasiyası: Alan Krallığı (890-1030)” mövzusunda çıxış edib və öz tədqiqatını Nizami Gəncəvi adına Mərkəzin tədqiqatçıları ilə birgə aparmaq arzusunda olduğunu vurğulayıb.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun tədqiqatçısı Rayan Linç “Arran və ətraf bölgələrdə Sasani siyasəti ilə bağlı Abbasilərin baxışları” mövzusunda söhbət açıb və Orta Əsr ərəb mənbələri əsasında Sasanilərin Qafqaz Albaniyasına qarşı yürütdüyü siyasətlə bağlı elmi məruzə söyləyib. Mərkəzin tədqiqatçıları ilə əməkdaşlıq edən Ryan Linç Qafqaz Albaniyasına münasibətdə yürüdülmüş Sasani siyasəti mövzusunda bu günədək aparılmayan araşdırmalara başlayıb.

Sonda Almaniyanın Fredrix Şiller Universitetinin professoru Annaqret Plöntke Lüninq Şimali Qafqazdakı kilsələrin memarlıq üslubları, habelə “Azərbaycanda olan Kilsədağ və Ləkit kilsələrinin memarlığı” haqqında məruzə söyləyib. Bu maraqlı tədqiqat mövzusunda öz fikirlərini bildirən professor Plontke Lüninq Mərkəz ilə gələcək əməkdaşlığa ümid etdiyini bildirib.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Lalə Əliyeva “Erkən Orta Əsrlər dövründə Azərbaycanın etnik və dini müxtəlifliyi” mövzusunda çıxış edib. Professor Robert Hoyland və professor Nərgiz Paşayevanın birgə dəvəti ilə tədbirdə iştirak edən Lalə Əliyeva Oksford Universiteti kimi nüfuzlu təhsil ocağında Nizami Gəncəvi adına Mərkəzin yaradılmasının təqdirəlayiq hal olduğunu bildirib və onun gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Mərkəzin tədqiqatçısı doktor İrina Şinqiray “Xəzərlər və Dərbənd səddi. Siyasi və dini perspektivlər” mövzusunda çıxış edib və həmin dövrdə Qafqaz bölgəsində Xəzərlərin rolundan danışıb.

Sonda professor Nərgiz Paşayeva və Oksford Universitetinin İranşünaslıq üzrə professoru Edmund Hertsiq konfransın işinə yekun vurublar.

Edmund Hertsiq Nizami Gəncəvi adına Mərkəzlə bağlı iki məqamı diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın və onun yerləşdiyi Qafqaz, eləcə də Xəzər dənizi regionu uzun zaman Qərbdə elmi cəhətdən yetərincə öyrənilməyib və bu baxımdan elmi-nəzəri boşluq yaranıb. Digər tərəfdən, dünyanın belə bir əhəmiyyətli bölgəsinin alim və mütəfəkkirləri ilə siyasi sistem və ideologiya fərqlərinə görə onlarla lazımi səviyyədə əlaqələr qurulmayıb. Son dövrdə qeyd edilən fərqliliklərin və çatışmazlıqların aradan qaldırılması üçün səylər artırılsa da, bu, yetərincə deyildir. O, ümidvar olduğunu bildirib ki, Nizami Gəncəvi adına Mərkəz öz elmi təşəbbüsləri ilə uzun zamandan bəri yaranmış bu elmi boşluğu doldurmağa nail olacaqdır. E.Hertsiq, həmçinin professor N.Paşayevanın bugünkü konfransın təşkilindəki rolunu xüsusi qeyd etdi.

Professor Nərgiz Paşayeva isə məruzəçilərin çıxışlarında Azərbaycanın qədim tarixi və mədəniyyəti ilə bağlı qeyd olunan bir sıra vacib məqamları ümumiləşdirərək ölkəmizin əsrlər boyu müxtəlif dinləri və xalqları bir araya gətirdiyini, Şərq ilə Qərb arasında birləşdirici körpü rolu oynadığını söyləyib. Diqqətə çatdırıb ki, Şərqdə ilk demokratik respublika yaradan Azərbaycan bu gün müstəqil dövlət olaraq öz elmi potensialını inkişaf etdirəcək və Mərkəz bu sahəyə öz töhfəsini verəcək. N.Paşayeva onu da qeyd edib ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır.

Beləliklə, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin ilk elmi konfransı öz işinə yekun vurub. Əminliklə demək olar ki, Mərkəzin ilk dəfə keçirdiyi bu konfrans uğur qazanıb və elmi dairələrin həqiqi marağı ilə müşayiət olunub.

Konfransda elmi məruzəçilərdən əlavə Oksford Universitetinin Qədim Antik dövr və bizansşünaslıq üzrə tanınmış mütəxəssisi, Böyük Britaniyanın Tarix Cəmiyyətinin və Fransanın Antik Tədqiqatlar üzrə Beynəlxalq Assosiasiyasının prezidenti, professor Deym Averil Kameron, universitetin Fars ədəbiyyatı üzrə professoru Domenik Brukşo, Hind-İran filologiyası üzrə alim Elizabet Taker, universitetin Şərqi Xristianlıq üzrə professoru, məşhur ingilis tarixçisi Robert Tomson, Arxeologiya İnstitutunun professoru Devid Kennedi, Ərəb ədəbiyyatı üzrə professor Culiya Brey, habelə İslam incəsənəti üzrə mütəxəssis doktor Tereza Fitzerbert, Britaniyanın məşhur numizmatı Luk Tredvel, Tarix fakültəsinin professor və arxeoloqu, Oksford tarixi jurnalının redaktoru, professor Mark Vitto və başqaları iştirak ediblər.

Konfransdan bir gün əvvəl professor Nərgiz Paşayeva 2013-cü ilin oktyabr ayında Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin təsis olunması ilə bağlı anlaşma memorandumunu imzalayan Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru Lieyzl Elder ilə görüşüb. Mərkəzin fəaliyyəti haqqında müzakirələrin aparıldığı görüşdə iştirak edən professorlar Robert Hoyland və Edmund Hertsiq Mərkəzin işi haqqında məlumat verib və gələcək planları qeyd ediblər. Professor Nərgiz Paşayeva həmçinin, həmkarı Robert Hoyland ilə yeni layihələri müzakirə edib və Mərkəz tərəfindən ingilis dilində çapa hazırlanan akademik Yevgeni Bertelsin “Dahi Azərbaycan şairi Nizami” kitabının təqdimat tarixini, qədim Bərdə şəhərində başlayacaq arxeoloji qazıntı işlərinin təşkilinə dair məsələləri, eləcə də Bakı və Oksfordda keçiriləcək tədbirləri müzakirə edib. Bu görüşdə Nizami Gəncəvi adına Mərkəzə Qafqaz regionu ilə yanaşı, Orta Asiya bölgəsinin öyrənilməsi də həvalə edilib və beləliklə Mərkəzin səlahiyyətləri və fəaliyyət dairəsi daha da genişləndirilib.

Səfər çərçivəsində professorlar R.Hoyland və N.Paşayeva üçün Oksford Universitetinin ən qədim kolleclərindən olan Triniti Kollecinin aparıcı professoru Brayan Vard-Perkins tərəfindən kolleclə tanışlıq turu təşkil olunub. Xüsusi tur zamanı N.Paşayevaya kollecin tarixi və təlim-tədris prosesi haqqında məlumat verilib. Məşhur Bodleyn kitabxanasının tikintisi bu yaxınlarda tamamlanan Veston bölməsinin rəhbəri doktor xanım Cillian Evoson N.Paşayevanı kitabxananın oxu zallarına, qədim və nadir əlyazmalar saxlanılan hissəsinə dəvət edərək buradakı yeniliklərlə tanış edib. Veston bölməsində “Kəlilə və Dimnə”nin, “Bahariyyə”nin, “Xəmsə”nin, Şekspirin, Ömər Xəyyamın əlyazmaları, qədim manuskriptlər, qədim yunan alimi Evklidin əsərinin əlyazması, ingilis kralı VIII Henrinin dövrünə aid “İncil” kitabı və bu qəbildən olan başqa nadir eksponatlar saxlanılır. N.Paşayevanın təklifi ilə gələcəkdə bu kitabxanada Nizami yaradıcılığı üzrə seminar və eləcə də şairin burada saxlanılan əlyazmalarının nümayişi nəzərdə tutulub.

Professorlar Robert Hoyland və Nərgiz Paşayeva Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda keçirilən elmi konfransla bağlı təəssüratları barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və Azərbaycan televiziyasına müsahibə veriblər.


Müəllif:

Oxşar xəbərlər