Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və tanınmış ilahiyyatçı alimlər Bərdə şəhərindəki İmamzadə kompleksində olublar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində burada aparılan abadlıq, kompleksin tarixinin öyrənilməsi, təbliği layihəsi barədə məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində abidənin ümumi görünüşünə heç bir müdaxilə etmədən yerli ustalar tərəfindən abadlıq işləri aparılıb. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni dilimizə çevrilərək müasir əlifba ilə dəmir lövhəyə köçürülüb. Türbənin kümbəz tipli dam örtüyünün sıradan çıxmasının qarşısı alınıb, həyətdə daş piltələrdən meydança, çaydaşından səkilər və bulaq düzəldilib, yaşıllıq salınıb.
Qeyd edilib ki, Azərbaycan Milli Elmlər Akademiyası və Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə burada iki elmi konfrans və dəyirmi masa keçirilib. Həmçinin “Bərdə və Bərdə İmamzadəsi” sənədli filmi çəkilib, eyni adda kitab nəşrə hazırlanıb. Bilik Fondu tərəfindən “Məscid kitabxanası” layihəsi çərçivəsində İmamzadə kompleksinə 200 adda kitab hədiyyə edilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İmamzadə kompleksində aparılan elmi tədqiqat və abadlıq işlərini yüksək qiymətləndiriblər.
Bəxtiyar