Bu gün Salyanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Salyan Rayon İcra Hakimiyyəti ilə birgə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı Azərbaycan Prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda İslamın tarixi, milli - mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələləri diqqətə çatdırıb.
Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Bildirilib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. M.Qurbanlı bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olduğunu vurğulayıb: “Ölkəmizdə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur”.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Milli Məclisin deputatları Fəzail Ağamalı və Əliağa Hüseynov konfransda çıxış edərək, dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən danışıblar.
Konfrans başa çatdıqdan sonra M.Qurbanlı Salyandakı “Cümə” məscidində olub, dindarlarla görüşüb və onlara dini kitablar bağışlayıb.
Regional konfrans işini iyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək. DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik”, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Milli-mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularıyla çıxış edəcəklər.
BƏXTİYAR