9 İyun 2015 15:27
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 4-də Qazaxıstanın Şimkent şəhərində Müstəqil Dövlətlər Birliyi Üzv Dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 61-ci iclası keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iclasda DGK-nın sədr müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

İclası Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Vladimir Malinin açaraq tədbirdə müzakirə olunması nəzərdə tutulmuş məsələləri iştirakçıların diqqətinə çatdırıb. Tədbirin gündəliyinə əsasən, Şuranın katibi MDB Üzv Dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 60-cı iclasında qəbul olunmuş qərarların yerinə yetirilməsinin vəziyyəti haqqında iştirakçılara ətraflı məlumat vermiş və bu barədə qərar imzalanıb.

İclas zamanı “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 15 aprel 1994-cü il tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi haqqında Protokol”un üzv dövlətlərin gömrük xidmətlərinin rəy və təklifləri nəzərə alınmaqla hazırlanmış layihəsi məqbul hesab edilmiş, həmçinin 2015-ci ilə qədər Rusiya Gömrük Akademiyasında MDB üzv dövlətlərin gömrük xidmətləri üçün kadrların ixtisas üzrə hazırlığı Konsepsiyasının həyata keçirilməsi barədə Rusiya Federal Gömrük Xidmətinin məlumatı nəzərə alınıb.
Bundan başqa, iclas zamanı 2012-2015-ci illər ərzində MDB üzv dövlətlərin gömrük orqanlarının mətbuat xidmətlərinin ictimaiyyətlə əlaqələrin təmin edilməsi üzrə qarşılıqlı fəaliyyət Konsepsiyasının müddəalarının tətbiq edilməsinə dair metodoloji tövsiyələr məqbul hesab edilib və MDB üzv dövlətlərin gömrük orqanlarına ondan istifadə etmələri tövsiyə olunub.

Qeyd olunanlarla yanaşı, iclasda gömrük daşıyıcılarının fəaliyyətinin həyata keçirilmə qaydasına dair təcrübənin öyrənilməsi və MDB üzv dövlətlərin gömrük daşıyıcıları haqqında beynəlxalq müqavilənin hazırlanmasının mümkünlüyü barədə Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatı nəzərə alınıb, üzv dövlətlərin gömrük xidmətlərinə adıçəkilən sənəd layihəsinin hazırlanmasının məqsədə müvafiq olmasına dair münasibətin bildirilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda “Əqli mülkiyyət obyektlərinin keçirilməsinə gömrük nəzarətinin təşkilinin prinsipləri haqqında Protokol”un yeni redaksiyasının razılaşdırılmasının nəticələrinə dair Rusiya Federal Gömrük Xidmətinin məlumatı nəzərə alınıb. Adıçəkilən Protokol layihəsi əsasında hazırlanmış “Əqli mülkiyyət hüquqlarının qorunması sahəsində MDB üzv dövlətlərin gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin təşkilinin prinsipləri haqqında Hökumətlərarası Saziş” layihəsinin dövlətdaxili prosedurlar üçün təqdim edilməsi məqbul hesab edilib.

İclasda “İnternet-ticarət üzrə gömrük əməliyyatları (gömrük rəsmiləşdirməsi) və gömrük nəzarəti ilə bağlı qaydaların təkmilləşdirilməsi üzrə MDB üzv dövlətlərin gömrük xidmətləri arasında Anlaşma Memorandumu”nun MDB üzv dövlətlərin gömrük xidmətlərinin rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb tamamlanmış layihəsinin məqbul hesab edilməsi barədə qərar qəbul olunub.

Daha sonra, MDB üzv dövlətlərin gömrük xidmətlərinin fəaliyyətində risklərin idarəedilməsi sisteminin tətbiqinin nümunəvi qaydalarının layihəsinin hazırlanması və MDB üzv dövlətlərin gömrük xidmətlərində beynəlxalq müqavilələrin icrasının monitorinqi üzrə təcrübənin öyrənilməsinə dair Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatı nəzərə alınıb və Şura Katibliyinin qeyd olunan beynəlxalq müqavilələrin siyahısının MDB üzv dövlətlərin gömrük xidmətlərinə göndərməsinə dair qərar qəbul edilib.
İclasda “MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçılarının Komitəsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilib.

MDB üzv dövlətlərin gömrük xidmətlərinin ekspertlərinin iclasının 2015-ci ilin sentyabr ayında Moskva şəhərində, MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 62-ci iclasının isə 2015-ci ilin dördüncü rübündə Rusiya Federasiyasında keçirilməsi qərara alınıb.

Xatırladaq ki, iclas çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin müavini Rza Həsənəliyev Rusiya Federal Gömrük Xidməti və Qaza­xıs­tan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Ko­mitəsinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gömrük işi sahəsində perspektiv məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər