Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Hollandiyanın Amstredam şəhərində "Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı tədbirlərin keçirilməsi" adlı layihə çərçivəsində Hollandiyanın Haaqa və Amsterdam şəhərlərində “Azərbaycanı Tanı” adı altında mərasimlər təşkil edib.
Birlikdən verilən məlumata görə, öncə təşkilat üzvləri Azərbaycanın Hollandiyadakı səfirliyində olublar. Bundan sonra Haaqa və Amsterdamda "Azad Həmfikirlər" in təşkil etdiyi tədbirlərdə Azərbaycanın inkişafı, qazandığı uğurlar, Xocalı soyqırımı, Qarabağ problemi və keçiriləcək olan "İlk Avropa Oyunları" barədə mövzularına toxunulub, qeyd olunan mövzulara dair videoçarxlar nümayiş etdirilib.
Azərbaycanın inkişafı, dünya ölkələri arasında öz mövqeyini gücləndirməsi və bütün bu inkişafda ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı prezident İlham Əliyevin əvəzsiz rolu, güclü siyasəti haqqında məlumatlar verilib.
Tədbirlərdə Haaqa "Azərbaycan- Türk Mədəniyyət Dərnəyi"nin başqanı İlhan Askin, "Hollandiya Türk Gənclik Quruluşları Gənclik Federasiyası" başqanı Oğuzxan Kılıc, "Hollandiya Türkmənləri Birliyi" başqanı Əşrəf Kərküklü də iştirak ediblər. Tədbirlərdən sonra holland qonaqlar Azərbaycanın milli mətbəxinin nemətlərindən təşkil olunmuş çay süfrəsinə dəvət ediliblər.
BƏXTİYAR