9 İyun 2015 16:03
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” İB-nin Mingəçevir Telekommunikasiya Qovşağının kollektivi “Bakı 2015” I Avropa Oyunlarına xüsusi hazırlaşıb. Artıq Olimpiya və Atletlər kəndində qalacaq turistlərin fasiləsiz rabitə ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, yarış məkanı olan “Kür İdman Mərkəzi” Bakı şəhərində yerləşən POP-1, POP-2 DATA mərkəzlərinə yüksəksürətli 10GE+10GE portla qoşulub. Bu portlar da “Swith” üzərindən portlara bölünərək müxtəlif xidmətlər üçün, eyni zamanda təhlükəsizlik xidmətləri üçün ayrılıb.

“Kür İdman Mərkəzi”ndən yarışların birbaşa teleyayımını təmin etmək üçün 2x1GE portundan istifadə ediləcək. Bu portdan idmançıların və qonaqların yaşayacağı Olimpiya kəndinə də verilib. Mingəçevir şəhəri daxilində bütün obyektlər əsas və alternativ fiber-optik kabellərlə təmin olunub.

Mingəçevir Telekommunikasiya Qovşağının nümayəndəsi bildirir ki, ilk Avropa Oyunları ilə bağlı qovşaq tərəfindən Atletlər kəndində yeni EATS yaradılıb: “Bütün istiqamətlərdən Olimpiya kəndinə fiber-optik xətlər çəkilib. Həmin FO kabellər test olunub. Hamısı işlək vəziyyətdədir və heç bir problemi yoxdur.

Olimpiya kəndi ilə Atletlər kəndi arasında da birbaşa FO kabel çəkilib, bütün EATS-lərlə də əlaqələndirilib. Atletlər kəndi və Olimpiya kəndində rabitə və internetin fasiləsiz təmin olunması üçün hətta 3 istiqamətdən bura FO kabellər çəkilib. Bu isə rabitə və internetin hər hansı xətlə verilməsində çıxacaq problemə qarşı alternativ variantdır. Əgər xətlərdən biri sıradan çıxarsa, yaxud xətdə problem yaranarsa, rabitə və internetin verilməsi avtomatik olaraq digər xəttə keçəcək. Atletlər kəndində 768 nömrə tutumlu yeni NGN (next generation networks) tipli EATS qurulub. Artıq sifarişə uyğun olaraq atletlər üçün 300 nömrə qoşulub. Əgər nömrə qoşulması üçün hər hansı bir sifariş olarsa, həmin gün sifarişə uyğun olaraq nömrələr xəttə qoşulacaq”.

Qovşağın nümayəndəsi onu da deyib ki, baş verə biləcək hansı fövqəladə vəziyyət yarandığı an burda yaşayanlar 101-ə zəng etməklə fövqəladə vəziyyət barədə xəbər edə və ya kömək istəyə bilərlər:

“Mingəçevir şəhərində əhalinin fasiləsiz və dayanıqlı rabitə, yüksəksürətli və keyfiyyətli internetlə təmin edilməsi üçün işlər sona çatdırılıb. Artıq şəhərdə kabel-kanalizasiya qurğuları qaydaya gətirilib, quyu qapaqları bağlanılıb. İstər fiber-optik, istərsə də stansiyadan keçən kabellər nəzarətə götürülüb. Həmçinin bütün optik kabellərin mühafizəsi gücləndirilib, kabellər keçən istiqamətdə və ətraf ərazilərdə sistemli baxış üçün əlavə nəzarətçilər müəyyənləşib. Şəhər əhalisinə xidmət göstərən EATS-4 də NGN avadanlıqları, həmçinin 1792 yerlik DSLAM (Digital Subscriber Line Access Multiplexer) avadanlığı quraşdırılıb, montaj olunub, əhalinin istifadəsinə verilib. Bu da vətəndaşları keyfiyyətli və yüksəksürətli internetlə təmin edir”.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər