Nail Mərdanov: “Elektron imza kartlarının hazırlanması, istifadəyə verilməsi işlərinə tələbələr də cəlb olunacaq”
Ötən gün “Elektron Hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) nəşr etdiyi “Elektron Hökumət” bülleteninin iyun sayının təqdimatı üzrə brifinq keçirilib. Tədbirdə media nümayəndələri, Azərbaycan Texniki Universiteti, “Azərişıq”, “Azərsu” və digər qurumların nümayəndələri iştirak edib.
MHM-nin direktoru Nail Mərdanov “Elektron Hökumət” quruculuğu sahəsində son yeniliklər və statistik rəqəmlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib: “Portal üzərindən təqdim olan e-xidmətlərin sayı və e-xidmətlərdən istifadədə dinamik artım var. “Elektron Hökumət” portalına daxil olanların sayı 1,8 milyonu, elektron xidmətlərdən istifadə sayı isə 11,6 milyonu keçib. May ayı ərzində elektron hökumət portalına ümumilikdə 763 min 408 daxilolma qeydə alınıb.
Portal üzərindən təqdim olunan e-xidmətlərin sayı artıq 420-dir. Statistik göstəricilərə görə, may ayı ərzində portala müraciət edənlərin 23,7 faizini yeni istifadəçilər, 76,3 faizini təkrar müraciətlər təşkil edib. Portala müraciət edənlərin ümumi sayı isə 277 065 nəfər olub.
Həmin şəxslər 2 266 032 dəfə müxtəlif səhifələrə keçid edib, 1 milyon 467 min 127 xidmətə müraciət ediblər. Bütün bu işlər üçün isə ortalama 4 dəqiqə 27 saniyə vaxt sərf olunub. Onların 23,7 faizi yeni, 76,3 faizi isə təkrar müraciət edən istifadəçilərdir.
Bülletendə 2012-ci ilin dekabrından 2015-ci ilin mayın 31-nə qədər daxil olan istifadəçilər haqqında da məlumat yer alıb. Hesabata görə, qeyd edilən dövr ərzində portala 6 655 140 dəfə daxilolma qeydə alınıb. Müraciətçilərin ümumi sayı isə 1 891 533 nəfər olub ki, onlar da 11 milyon 629 min 805 elektron xidmətlərə müraciət ediblər.
Həmin şəxslər ortalama 5 dəqiqə 39 saniyə vaxt sərf etməklə 23 800 474 dəfə müxtəlif səhifələrə keçid ediblər. Bu dövr ərzində portala müraciət edənlərin 28,5 faizi yeni, 71,5 faizi isə təkrar müraciət edənlər təşkil edib”.
Nail Mərdanov dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq dövlət orqanlarının portala inteqrasiyası üzrə işlərin davam etdirildiyini, bu ay daha bir dövlət qurumunun portala inteqrasiyasını vurğulayıb: “Biz vətəndaşlara elektron imzadan istifadə etmələri üçün ilk növbədə müxtəlif mobil aplikasiyalar hazırlamaq, bu proseslərə Azərbaycan Texniki Universitetinin tələbələrini cəlb etmək fikrindəyik. Bunun üçün elektron imza laboratoriyası yaradılacaq. Biz istəyirik ki, tələbələri elektron imza kartlarının hazırlanması, onların istifadəyə verilməsi və başqa bu kimi texniki və praktiki işlərə cəlb edək. Onlar proseslərin necə getdiyini özləri görsünlər”.
Xatırladaq ki, ötən gün Azərbaycan Texniki Universiteti ilə Məlumat Hesablama Mərkəzinin rəhbərliyi arasında “Elektron idarəçilik, informasiya sistemləri və kibertəhlükəsizlik" Elm-təhsil və texnologiyalar Birliyinin yaradılması haqqında müqavilə bağlanıb.
Daha sonra tədbirdə “Azərişıq” ASC-nin elektron xidmətlər üzrə şöbəsinin müdiri Vüqar Həşimov çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisi istifadəçiləri yeni kod alacaqlar: “Hazırda ölkədə elektrik enerjisi istifadəçiləri 11 rəqəmdən ibarət fərdi kodlara malikdirlər. Söhbət 11 rəqəmli abunəçi kodunun 15 rəqəmli ilə dəyişdirilməsindən gedir. Hələlik yeni kodlar Bakının Mehdiabad, Bağlar, Fatmayi və Novxanı qəsəbələrində tətbiq edilir”.
Vüqar Həşimov həmçinin qeyd edib ki, vahid 15 rəqəmli kodun tətbiqi “Azərişıq” ASC-nin əvvəl istifadə etdiyi SQL verilənlər bazasının ORACLE sisteminə birləşdirilməsindən sonra mümkün olub: “Bu gündən etibarən yeni sistemə keçid Sumqayıt şəhərində başlayacaq. Sonra isə bütün rayonlar və yaşayış məntəqələri mərhələli şəkildə yeni sistemə keçiriləcək”.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edib ki, təkcə bu ilin ilk 5 ayında ASAN xidmət vasitəsi ilə “Azərsu”nun xidmətlərindən 7 mindən artıq abonent istifadə edib: “Bütün xidmətlərin elektronlaşdırılması prosesinin sürətlə gedir. “Azərsu” 2014-cü ilin aprelindən ASAN xidmətə qoşulub və hazırda 10 xidmətimiz fəaliyyət göstərir. Ötən il bu xidmətlərə görə 10 mindən çox müraciət daxil olub. Bu il isə həmin rəqəm 70 faizdən çox artıb. Təkcə 5 ay ərzində 7 mindən artıq müraciətə baxılıb”.
“Azərsu” rəsmisi həmçinin təmsil etdiyi qurumun abonentlərin məlumat bazasının yenilənməsinin elektron şəkildə həyata keçirilməsinə başladığını qeyd edib: “Biz ötən ildən yeni “Müştəri informasiya sistemi”nin tətbiqinə başladıq. Pilot layihə kimi 2014-cü ilin oktyabrın 1-dən Yasamal rayonunda başladıq. Bu ilin yanvarından Nərimanov, martdan isə Binəqədidə həmin layihənin tətbiqinə start verdik. İndi isə Səbaildə həyata keçiririk. Bu sistemdə hər bir detal nəzərə alınıb. Misal üçün, əgər abonent 955 qaynar xəttə müraciət edirsə, o müraciət avtomatik qeydə alınır və problemin həll edilməsi üçün ayrılan işçinin belə, nə vaxt və necə həmin problemi həll etdiyi göstərilir”.
İLHAMƏ