Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə klinikasında laporoskopik radikal prostatektomiya əməliyyatı icra edilib.
Teleqraf.com-un məlumatına görə, əməliyyatda iştirak edən həkimlərdən biri, ATU-nun onkologiya kafedrasının assistenti, uzman-onkouroloq Vasif İsmayıl bildirib ki, iki saat yarım davam edən əməliyyatın nəticəsi uğurlu olub: “Bizə 70 yaşlı xəstə müraciət etmişdi. Onda müayinələr nəticəsində prostat vəzin xərçəngi aşkarlandı. Bu, doğrudan da dəhşətli xəstəlikdir, dünyada kişilərin ölümünə səbəb olan əsas xəstəliklərdən biridir. Ancaq prostat vəzin xərçəngi vaxtında aşkarlanaraq düzgün müalicə olunarsa xəstəni tamamilə sağaltmaq mümkündür”.
Vasif İsmayıl qeyd edib ki, ATU-nun Tədris Cərrahiyyə klinikasına müraciət edən bu xəstədə prostat vəzin tamamilə çıxarılması əməliyyatı - radikal prostatektomiya əməliyyatı aparılmalı idi: “Radikal prostatektomiyanı həm klassik, açıq əməliyyatla, yəni köhnə metodla aparmaq mümkündür, həm də laporoskopik, robot yardımı ilə etmək olar. Biz isə laporoskopik radikal prostatektomiyaya qərar verdik. Bu əməliyyat bütün laporoskopik əməliyyatların ən çətini və əziyyətlisi sayılır”.
Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə klinikasında icra edilən bu əməliyyatda Vasif İsmayılla yanaşı, Türkiyənin məşhur uroloqu Yaşar Özgük, Almaniyada yerləşən Haydinbörq Klinikasının urologiya şöbəsinin şef yardımçısı Əli Sərdar Gözen də iştirak edib.
Vasif İsmayıl qeyd edib ki, bu əməliyyatın icrası təkcə ATU üçün deyil, ümumiyyətlə Azərbaycan tibb elmi üçün əlamətdar bir hadisədir: “Laporoskopik radikal prostatektomiya əməliyyatını Azərbaycanda ilk dəfə icra etmək bizim də həvəsimizi artırır. Çünki biz artıq bir neçə ildir ki, laporaskopik urologiya ilə ciddi şəkildə məşğul oluruq. Əməliyyat etdiyimiz xəstənin indiki vəziyyəti normaldır, özünü yaxşı hiss edir”.
Qeyd edək ki, 8-9 iyun tarixlərində ATU-nun Tədris Cərrahiyyə Klinikasında Türk UroLap dərnəyinin 32-ci beynəlxalq tətbiqi laparoskopik urologiya kursu təşkil olunub.
Naibə QURBANOVA