10 İyun 2015 13:57
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu məktəblilər arasında keçirdiyi müxtəlif məzmunlu müsabiqələrini davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, belə tədbirlərdən biri də Xaçmaz rayonunda keçirilən "Kitabi-Dədə Qorqud" dastanı haqqında inşa müsabiqəsi olub.

Xaçmaz rayon təhsil şöbəsinin dəstək verdiyi müsabiqəyə müxtəlif məktəblərdə təhsil alan şagirdlər qatılıb. Onların "Kitabi Dədə Qorqud" dastanı haqqında yazdığı inşalar Bilik Fondunun təklifi ilə formalaşan münsiflər heyəti tərəfindən yoxlanılıb. Qaliblərə təşəkkürnamələr, qiymətli hədiyyələr, fərqlənən bütün iştirakçılara isə kitablar hədiyyə olunub.

Müsabiqə iştirakçılarının mükafatlandırma mərasimi Bilik Fondunun yerli nümayəndəsi Akif İsmayılovun direktoru olduğu M.Məhəmmədov adına 4 saylı tam orta məktəbində olub.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun dəvət aldığı tədbirdə rayon təhsil şöbəsinin metodisti İmran Müseyibli də iştirak edib. Müəllim və şagirdlərin, rayon ziyalılarının qarşısında çıxış edən C.Musaoğlu Bilik Fondunun yaranması, fəaliyyəti, əsasən də Prezident İlham Əliyevin sərəncamından irəli gələrək "Kitabi-Dədə Qorqud və Henrix Fridrix fon Dits-200" çərçivəsində görülən işlər barəsində geniş məlumat verib. "Kitabi-Dədə Qorqud" dastanının əxlaq və mənəviyyat göstəricisi olduğunu xatırladan C.Musaoğlu dastandakı qəhrəmanlar, toponimlər, işlənən ifadələrin bu günlə səsləşdiyini, məhz araşdırmaların bu yöndə aparıldığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən A.İsmayılov bildirib ki, Bilik Fondu yaranandan cəmiyyətin maariflənməsi istiqamətində çox işlər görüb və bu fəaliyyətdə Xaçmaz ictimaiyyəti Fonda böyük həvəslə dəstək verməyə hazırdır.

İ.Müseyibli də öz növbəsində belə müsabiqələrin şagirdlərin təfəkkürünün formalaşmasında böyük rol oynadığını deyib, əməkdaşı olduğu qurumun Bilik Fondu ilə birgə daha çox layihələrə imza atacağını vurğulayıb.

Dövlət müşaviri Kamal Abdullayevin ideyası əsasında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Yaradıcılıq Fondunun birgə layihəsi olan "Ev kitabxanası" ilk olaraq Xaçmaz məktəbliləri üçün tətbiq edilib. Müsabiqənin qalibləri mükafatlandırılmaqla yanaşı, "Ev kitabxanası"na daxil olan 3 yazarın Şəhriyar Delgeraninin, Qan Turalın və Aydın Talıbzadənin kitablarına da sahib olublar. Onlar növbəti mərhələdə bu kitablardan alqdıqları təəssüratlarını yazacaqlar. Ən yaxşı yazı KİV orqanlarında dərc olunacaq.

Xatırladaq ki, "Ev kitabxanası" 3 qurum tərəfindən alınan kitablar əsasında formalaşacaq. Bu kitablar məktəblilərin kitabxanalarının yaradılmasına, yazarların oxunmasına və əsərlərin daha geniş oxucu kütləsinə ünvanlanmasına xidmət edir.


Müəllif:

Oxşar xəbərlər