Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə təşkil olunan Əmək yarmarkaları bu ay 3 rayonda davam etdiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, cari ay ərzində Tovuz, Ağstafa, Neftçala rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Hazırda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanmaqdadır.
Tədbirlərdə işəgötürənlərin nümayəndələri də iştirak edəcək.
Yarmarkalar zamanı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq.
Sosial cəhətdən həssas əhali qruplardan olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.
Naibə