İyunun 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından, parlamentlərarası münasibətlərin genişləndirilməsindən danışılıb. Əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Oqtay Əsədov parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini vurğulayıb. Əlavə edib ki, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları fəaliyyət göstərir.
Milli Məclisin sədri Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından danışaraq deyib ki, ölkəmiz bu möhtəşəm idman tədbirinə yüksək səviyyədə hazırlaşıb. Xaricdən Azərbaycana gələn çoxsaylı idmançılar və tamaşaçılar ölkəmizdə olduqları müddətdə xalqımızın qonaqpərvərliyini görəcəklər.
Yan Hamaçek Azərbaycanda olmasından və ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etməsindən çox şad olduğunu bildirib. O deyib: “Açılış mərasimi məndə çox gözəl təəssürat yaratdı. Bu, Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu, ölkənizin həqiqətən də Şərq və Qərb arasında körpü rolunu oynadığını bir daha nümayiş etdirdi. Mən Çexiya idmançıları ilə görüşdüm. İdmançılarımız burada yaradılan şəraitdən çox razıdırlar. Çexiyadan gələn qonaqlar da açılış mərasimini yüksək qiymətləndiriblər”.
Deputatlar Palatasının sədri Azərbaycan ilə Çexiya arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb.