Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 14-də ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Əli Həsənov deyib ki, 30 il bundan əvvəl dünyada qaçqınların, köçkünlərin sayı 20-25 milyon arasında idi və 30 ölkəni əhatə edirdi. Bu gün onların sayı 60 milyondan çoxdur və 74 ölkəni əhatə edir. Son 30-40 ilə nəzər salsaq görərik ki, yaranan münaqişələrdən bir neçəsi həllini tapıb, lakin onlar da tam həll olunmayıb. Münaqişələrin sayı ildən-ilə artır. Təbii ki, belə olan halda qaçqınların da sayı artır. Belə çıxır ki, böyük dövlətlər dünyanı rahat idarə etmək və öz siyasi maraqlarını təmin etmək üçün münaqişələrin yaranma mexanizmindən məharətlə istifadə edirlər. Əli Həsənov deyib: “Mən Minsk qrupunun həmsədr dövlətləri barədə mütəmadi olaraq müəyyən tənqidi fikirlər söyləyirəm. Bunun səbəbi nədir? Mən nəzəriyyəyə əsasən fikir bildirmirəm, gözümüzün qarşısında baş verənləri deyirəm. Əslində münaqişənin 200 illik tarixi var. Bu, sovet dövründə də davam edib. Bunu kulminasiya həddinə də sovet dövləti çatdırıb. Bu da 1988-ci ildə Sumqayıt hadisələri zamanı baş verdi. O vaxt mən Sumqayıtın rəhbər işçilərindən biri idim və bu proses mənim gözümün qarşısında olub.
“Dünyada elə bir təşkilat qalmayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etməsin”, - deyən Əli Həsənov buna baxmayaraq problemin indiyədək həll edilmədiyini vurğulayıb və bunun böyük ədalətsizlik olduğunu diqqətə çatdırıb.
Baş nazirin müavini ölkəmizin bütün dünyaya açıq olduğunu, qoşulduğu konvensiyalara, üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını, zəngin enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edir. Bu mötəbər tədbirlərdən biri də hazırda keçirilən ilk Avropa Oyunlarıdır. Bəs nə üçün bizə münasibət soyuqdur? Niyə bizim 1 milyondan çox insanımız 20 ildən artıqdır qaçqın və məcburi köçkün şəraitində yaşamalıdır? Onların hüquqları yoxdurmu? Onların hüquqları tapdalanmırmı? Bizi narahat edən də budur.
Əli Həsənov qeyd edib ki, Azərbaycan və Ermənistan xalqları arasında heç bir problem olmayıb, sadəcə Ermənistandakı Köçəryan-Sarkisyan rejimi münaqişənin sülh yolu ilə həllinə imkan vermir. Çünki onlar məhz bu problemin üzərində hakimiyyətə gəliblər. Azərbaycan xalqı da, Ermənistan xalqı da artıq bu münaqişədən yorulub. Buradan gedən ermənilər də münaqişənin nə zaman həll ediləcəyini gözləyirlər. Təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb, əksinə çox şey itirib. Bu müddətdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb.
Bildirilib ki, Azərbaycan münaqişənin həllini istəyir, müharibənin baş verməsini yox. Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını hərbi yolla azad etməyə imkan verir. Əgər münaqişənin sülh yolu ilə həlli üçün heç kim heç nə etmirsə, Azərbaycan bu hüququndan da istifadə edə bilər. Ancaq Azərbaycan xalqı müharibə istəmir. Bugünkü dünyanın əsas problemi düz sözün deyilə bilməməsi, ədalətsizliyin mövcud olmasıdır.
Baş nazirin müavini deyib ki, artıq bir neçə ildir Azərbaycan Prezidenti 5 strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik. Çünki o illərdə bu sahədə yığılıb qalan problemlər həddindən artıq çox idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Onlar üçün 90 qəsəbə salınıb və indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. Son 5-6 ildə Azərbaycan dövləti hər il qaçqın və məcburi köçkünlər üçün 700 milyon dollar vəsait sərf edir. Son 20 ildə onların sosial problemləri üçün 6 milyard dollar vəsait sərf olunub. Bu gün dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Ona görə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı öz İcraiyyə Komitəsinə üzv seçib və onun bütün sessiyalarında biz səsvermə yolu ilə iştirak edirik. Ali komissar Antonio Quterreş bütün tədbirlərdə Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlər üçün gördüyü işləri dünyaya nümunə adlandırır.
Qayıdış prosesində rahatlığın təmin olunması üçün köçkünlərin təmas xəttinə yaxın ərazilərdə məskunlaşdırılması və xüsusən yeni nəslin doğma torpaqlara qayıtması məsələsindən danışan Əli Həsənov Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib.
Rusiyalı həmsədr İqor Popov səfər zamanı məcburi köçkünlərlə görüşdüklərini, söhbət etdiklərini, onların həyat şəraiti ilə tanış olduqlarını bildirib.
Amerikalı həmsədr Ceyms Uorlik məcburi köçkünlərə yaxşı şəraitin yaradıldığına görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Masazırda məcburi köçkünlərlə görüşdə bunun şahidi olduqlarını bildirib. “Biz məcburi köçkünlərə söz verdik ki, vasitəçi kimi fəaliyyətimizdə əzmkarlıq göstərərək onların doğma torpaqlarına qayıtmaları üçün yardım edəcəyik, bölgədə xalqları qane edən böyük sülh sazişinə nail olacağıq. İnanırıq ki, məcburi köçkünlər tezliklə hazırda işğal altında olan torpaqlarına qayıdacaqlar”, - deyə C.Uorlik əlavə edib.
Fransalı həmsədr də məcburi köçkünlərlə görüşün onlarda yaratdığı təəssürat barədə danışıb.
Görüşün sonunda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
Qeyd edək ki, görüşdən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olublar. Ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, məktəbdə yüksək səviyyədə təhsil almaq üçün hər cür imkan var.
Qonaqlar Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə də tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Onlar, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olublar.
Qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də yaxından maraqlanıblar. Zəngilandan olan məcburi köçkün Nurəddin Həsənovun mənzilində çay süfrəsi ətrafında söhbət zamanı bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.