15 İyun 2015 21:34
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 15-də Milli Qurtuluş Günündə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşanı izləyib.

Tamaşa başlanmazdan əvvəl Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq Artisti Rza Xudiyev çıxış edərək deyib ki, bu gün Azərbaycan xalqının iftixar günü – Milli Qurtuluş Günüdür. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. Həmin gün müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. O dövrdən ötən qısa zaman kəsiyində ölkəmiz yüksək inkişaf yolu keçib, bütün sahələrdə böyük uğurlar qazanılıb, Azərbaycan dünya dövlətləri sırasında layiqli yerini tutubdur. Bu inkişafa görə xalqımız dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevə minnətdardır.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılması ilə yadda qalıb. Ölkəmizin uçuruma sürükləndiyi bir vaxtda xalq yeganə xilas yolunu Ümummilli Liderimizin böyük siyasətə qayıdışında tapdı. Qurtuluş Günü sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial, iqtisadi, siyasi, mədəni həyatın bütün sahələrində uğurlar qazanılır, Azərbaycan gündən-günə inkişaf edir, yüksəlir.

Rza Xudiyev qeyd edib ki, Ümummilli Liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi də diqqət və qayğı ilə əhatə olunub, ədəbiyyatımız inkişafın yeni mərhələsinə qədəm qoyub. Heydər Əliyev dühasının ölkəmizə bəxş etdiyi yüksək tərəqqi şair və yazıçılarımızın yaradıcılıqlarının əsas istiqamətini təşkil edir. İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri dahi şəxsiyyətin mənalı ömür yoluna və çoxşaxəli fəaliyyətinə həsr olunub.

“Qurtuluş dastanı” pyesinin müəllifi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyev çıxış edərək deyib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının həyatında və dövlətçilik tarixində mühüm bir mərhələ təşkil edir. Bugünkü müstəqil və qüdrətli Azərbaycanın əsası 1993-cü il 15 iyun - Milli Qurtuluş Günündən başlayır. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu qurtuluş siyasəti bu gün Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ölkəmizin bütün bölgələrində, eləcə də onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında əldə olunan inkişaf, qazanılan nailiyyətlər Milli Qurtuluşdan başlanan yolun davamı, eləcə də ümummilli lider Heydər Əliyev siyasətinə sədaqətin bəhrəsidir. Bu gün muxtar respublikada bütün sahələr inkişaf etdirilir. Bu tərəqqini qələmə almaq, onun bədii ifadəsini yaratmaq isə böyük məsuliyyət tələb edir. İftixar Piriyev “Qurtuluş dastanı” əsərinin Naxçıvan teatrında səhnəyə qoyulmasına görə minnətdarlıq edib.

Sonra “Qurtuluş dastanı” tamaşasına baxış olub.

Tamaşada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub. İkihissəli epik tarixi dram Milli Qurtuluş Günündə Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq səhnəyə qoyulub. Tamaşada Ümummilli Liderimizin bədii obrazının səhnə təcəssümü öz ifadəsini uğurla tapıb. Dahi şəxsiyyətin zəngin həyat yolunun müxtəlif məqamları, habelə böyük liderin ayrı-ayrı hadisələrə münasibəti, kollektivin yaratdığı canlı səhnələr alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Şirzad Abutalıbov, əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Xəlil Hüseynov, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Səməd Canbaxşıyev, aktyorlardan Elnur Rzayev, Şölə Novruzbəyli, Zəminə Baxşəliyeva və digərləri öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.

Ulu öndər Heydər Əliyevin öz həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi və orada keçmiş sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi qanlı faciə ilə bağlı mətbuat konfransı keçirməsi, iyulun 20-də Bakıya yola düşməsi, iki gün sonra anadan olduğu Naxçıvana yollanması, orada fəaliyyət göstərməsi, ölkə ictimaiyyətinin qabaqcıl nümayəndələrinin Naxçıvana gəlməsi və xalqın təkidli tələbi ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə yenidən qayıtması tamaşada öz parlaq ifadəsini tapıb. Əsərin finalında aktyorların müəllifin “Müstəqil vətənin memarı” rekviyem-poemasını söyləməsi qurtuluşa stimul olan, qurtuluşun mahiyyətini özündə təcəssüm etdirən milli birliyin rəmzi kimi təqdim edilib.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.

Ali Məclisin Sədri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə teatrın kollektivini təbrik edərək deyib: “Qurtuluş dastanı” tamaşasının uğurlu nümayişi bir daha göstərdi ki, Naxçıvan teatrının kollektivi səhnə tərtibatı və quruluşundan asılı olmayaraq istənilən əsəri tamaşaya qoymaq gücündədir. O əsərin səhnə həlli uğurlu olur ki, orada aktyor və rejissor işi uğurlu olsun. “Qurtuluş dastanı” əsərinin həm bədii səviyyəsinin, həm də səhnə həllinin yüksək olması onun uğurlu alınmasında başlıca amildir. Aktyorların hər səhnəyə uyğun hiss və həyəcanları tamaşaçıya çatdırması, eləcə də düzgün aktyor seçimi kollektivin peşəkarlığından xəbər verir. Artıq “Qurtuluş dastanı” tamaşasının nümayişi ilə Naxçıvan teatrının salnaməsinə möhtəşəm bir əsər daxil oldu. Tarix rəsmi sənədlərdə bədii əsərlərdə olduğu kimi uzun müddət yaşaya bilmir. Müəllif “Qurtuluş dastanı”nda Azərbaycan tarixinin mühüm bir dövrünün bədii ifadəsini yaradaraq əbədiləşdirmişdir.

Ali Məclisin Sədri deyib: Azərbaycanın bugünkü inkişafına, dövlət müstəqilliyimizin əbədi olmasına, bütün sahələrdə qazanılan nailiyyətlərə görə xalqımız Milli Qurtuluş Gününə borcludur. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi, bu siyasətə sədaqət Azərbaycanı daha böyük inkişafa qovuşdurur. İyunun 12-də Azərbaycanda ilk Avropa Oyunlarının açılış mərasimi keçirildi. Bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi də Milli Qurtuluş Gününün bəhrəsidir.

Ali Məclisin Sədri müəllifə və teatrın kollektivinə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

“Qurtuluş dastanı” epik tarixi dramının müəllifi, İftixar Piriyev və teatrın kollektivi yaradıcı insanlara göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Sonda xatirə şəkli çəkdirilib.


Müəllif:

Oxşar xəbərlər