“Azərsu” ASC-nin həyata keçirdiyi layihə çərçivəsində Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala (Dombabinə) kəndlərinin içməli su təchizatı yaxşılaşdırılıb.
ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Zaqatala rayonunun Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərində su təchizatı sistemi olsa da, artezian quyusu istismara yararsız vəziyyətə düşdüyündən kəndlərin içməli su ilə təminatında çətinliklər yaranmışdı. Bu kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün rayonun Əlibayramlı kəndi ərazisində yeni artezian quyusu qazılıb. Yeni arteziandan çıxarılan su mövcud magistral su xətti ilə Əlibayramlı, Muğanlı və Üçüncü Tala kəndlərinə ötürülür. Su mənbəyində mövcud bulaq əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib.
Layihənin icrası nəticəsində Əlibayramlı kəndində 3051, Üçüncü Talada 1844, Muğanlı kəndində 2787, ümumilikdə 7682 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.
Tədbirdə çıxış edən kənd sakinləri əvvəllər içməli su təchizatında çətinliklərin olduğunu xatırladıb, yeni layihənin icrası nəticəsində bu problemin həll edildiyini diqqətə çatdırıblar.