Müşfiq Ələsgərli: "Jurnalistlər də ehtiyatlı olmalıdırlar"
İyunun 15-də "Lider" Televiziyasının efirində "ingilis turistin" müsahibəsi yayımlanıb. Sonradan məlum olub ki, özünü turist kimi təqdim edən şəxs Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Seymur Səfərov adlı gəncdir.
Sözügedən müsahibə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bəziləri "Lider" Televiziyasını tamaşaçılara yalan informasiya ötürməkdə və aldatmaqda təqsirləndirirlər.
"Lider" kanalı efirində gedən qalmaqallı məsələyə ötən gün münasibət bildirməli olub. Televiziyanın Xəbər Departamentinin Sosial və Mədəniyyət Redaksiyasının rəhbəri Elnur Niftəliyev açıqlamasında əsl ad və soyadı Seymur Səfərov olan şəxsin jurnalisti bilərəkdən aldatmaqda suçlayıb: "Reportajdakı bu müsahibəyə görə müxbiri yox, məhz həmin bu addımla təxribat yaratmaq istəyən şəxsi qınamaq lazımdır. Jurnalistlər analoji beynəlxalq tədbirlərdə gərgin və sıx rejimdə çalışırlar. Bu qaça-qaçda hansısa vətəndaşın alçaqlıqla məşğul olacağı kimi ağlına gələr?! Qəsdən özünü əcnəbi kimi təqdim edir və sonra bunu məqsədli şəkildə video olaraq yayıb, öz aləmlərində nəyə isə nail olmaq istəyirlər".
Elnur Niftəliyev bu cür tədbirlərdə jurnalistin kimisə "analiz" etməyə vaxtının olmadığını vurğulayıb: "Bu cür tədbirlərdə jurnalistlər "analiz" aparmaq üçün vaxt sərf edə bilmirlər. İş çox, vaxt az. Xəbər və onun ətrafında yaşananları bir an öncə tamaşaçıya çatdırmaq həyəcanı da buraya əlavə olunanda vəziyyəti anlamaq o qədər də çətin olmur. Bu şəxsin tək jurnalistə yox, xalqına, dövlətinə qərəzli mövqeyini, xəyanətini görmək üçün iki göz yox, sadəcə vicdanlı vətəndaş olmaq kifayətdir".
Məsələyə münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, müsahibə verən şəxs jurnalistləri aldatmağa cəhd edib və təəssüf ki, buna nail olub: "Əslində, bu, dırnaqarası zarafat deyil, çox ciddi və hüquqi bir məsələdir. Həmin şəxs bu məsələnin ictimailəşəcəyini bilə-bilə yalan məlumat verib. Onun haqqında hüquqi ölçü götürməlidir. Təbii ki, jurnalist də bu cür məsələlərdə ehtiyatlı olmalıdır. Bütün hallarda bu məsələdə məsuliyyəti birbaşa müsahibəni verən şəxs daşıyır. Çünki o, təkcə jurnalisti deyil, çoxsaylı insanları, tamaşaçı auditoriyasını da aldadıb. Bu, ümumi auditoriyaya qarşı hörmətsiz davranışdır və ölkə haqqında mənfi fikir yaranmasına gətirib çıxarır. Hüquq-mühafizə orqanları bu məsələdə ciddi araşdırma aparmalıdırlar".
Müşfiq Ələsgərli qeyd edib ki, bu cür halların baş verməməsi üçün jurnalistlər də diqqətli olmalıdırlar: "Azərbaycana gəlmiş qonaqları nəzərə alıb daha diqqətli davranmaq gərəkdir. Bu hal ilk dəfə baş verdiyi üçün jurnalisti qınamaq düzgün deyil, amma növbəti analoji faktın ortaya çıxmasına imkan vermək olmaz".
İlhamə ƏBÜLFƏT