Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə DQİDK-nın rəhbərliyi, eləcə də Dövlət Komitəsi Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirəni açan komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq edilib. Bununla əlaqədar komitənin regional şöbələrinin üzərinə düşən vəzifələr müzakirə edilib. Komitə sədri Ramazan ayında komitənin şöbələrinin yerlərdə ayrı-ayrı məsələlərlə əlaqədar iş fəaliyyətini daha da gücləndirməli olduğunu deyib. Regional şöbələr Ramazan ayı ərzində faktiki gücləndirilmiş iş şəraitində fəaliyyət göstərməli və bölgələrdə monitorinqlər təşkil etməlidirlər.
M.Qurbanlı bu müddətdə komitə üçün ölkədəki dini əhval - ruhiyyəni daha dərindən öyrənmək imkanının yarandığını söyləyib. Komitə sədri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarətin də komitənin və onun şöbələrinin üzərinə düşdüyünü deyib. Buna görə də regional şöbələrin əməkdaşları tərəfindən yerlərdə monitorinqlər keçiriləcək.
Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan M.Qurbanlı Ramazan ayında regional şöbələrin maarifləndirmə işində daha aktiv fəaliyyət göstərmələrinin vacib olduğunu bildirib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dini icmalara verilən maliyyə vəsaitinin dini maarifləndirmə işinə düzgün sərf edilməsi ilə bağlı şöbələrin rəhbərlərinə tövsiyələrini verib. M.Qurbanlı bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirib.
Müşavirənin sonunda komitənin şöbələrinin ikinci yarımil üçün tədbirlər planı təsdiq edilib.
BƏXTİYAR