18 İyun 2015 12:10
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“18 iyun –İnsan Hüquqları Günü”ü ilə əlaqədar Təhsil Problemləri İnstitutunda (TPİ) “Əlillərin cəmiyyətə inteqrasiyası” İctimai Birliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının seminarı keçirilib.

İnstitutun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən verilən xəbərə görə, “Zəif eşidən və ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və onların həlli yolları” mövzulu tədbiri giriş sözü ilə institutun direktoru Qulu Novruzov açıb. Direktor sağlamlıq imkanları məhdud uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında təhsil və tərbiyənin rolunun böyük olduğunu vurğulayıb və bu uşaqların dövlət qayğısı ilə əhatə olunmasının vacibliyindən danışıb.

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyini qeyd edən Qulu Novruzov bildirib ki, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da da təhsil alanların istedadının aşkar olunması və inkişafı ilə bağlı xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılması nəzərdə tutulur.

“Əlillərin cəmiyyətə inteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Rasimqızı layihənin aktuallığı, əhəmiyyəti və təşkilatının qarşıda qoyduğu məqsədlərindən danışıb.

O, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən ölkə üzrə sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 62 mindən çox uşağın 1204 nəfərinin eşitmə qabiliyyətindən tamam məhrum olduğunu, 3329 nəfərin zəif eşitdiyini, 6152 nəfərin nitq qabiliyyətində müəyyən problemlər olduğunu bildirib. Ramilə Rasimqızı bu qəbildən şəxslərin reabilitasiyası və məktəbəqədər təhsili üçün zəruri şəraitə malik müasir reabilitasiya və təhsil müəssisələrinə ehtiyac olduğunu deyib.

İnsan Hüquqları üzrə Müvəkkilin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov 18 iyun – İnsan hüquqları günü və Ombudsman tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” barədə ümumi məlumat verib.

Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının aparıcı mütəxəssisi, şöbə rəhbəri Murad Şıxəliyev Azərbaycanda eşitmə ilə bağlı olan problemlər və onların qarşısının alınması işində görülə biləcək işlərdən, qulaq xəstəliklərinin növlərindən, müxtəlif yaşlarda eşitmənin dərəcəsindən, eşitmə sistemləri, eşitmə cihazları, orta qulaq implantatlari, sümük keçiriciliyi ilə eşitmə cihazları, Koxlear İmplantasiya və sair haqqında maraqlı məlumatlar verib.

Seminarın gedişi zamanı TPİ əməkdaşlarının mövzu ilə müxtəlif təqdimatları dinlənilib.
Tədbirin yekunu olaraq inklüziv təhsilin qarşısında duran cari çətinliklərin aradan qaldırılması məqsədilə konkret addımların atılması üçün belə müzakirələrin davam etdirilməsi qərara alınıb.

Sevil HİLALQIZI


Müəllif: