19 İyun 2015 21:45
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər rusiyalı filoloqlarla araşdırma aparacaq

Bu yaxınlarda Azərbaycan Dillər Universiteti (ADU) ilə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Filologiya İnstitutu arasında müqavilə imzalanıb.

Müqavilədə aspirant və doktorantların təhsilinə köməklik, onların təkmilləşməsinə yardım, qarşılıqlı mübadiləni həyata keçirmək, elmi sahələr üzrə əməkdaşlıq yaratmaq, aparılan elmi araşdırmalar və nəşrlər, habelə təcrübə mübadiləsinə dəstək, birgə simpozium, seminar və konfransların, o cümlədən layihə və proqramların təşkili və digər məsələlər öz əksini tapıb.

ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən Teleqraf.com-a verilən məlumata görə, universitetdə fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında dilçiliyin bir sıra tətbiqi məsələlərini həll etməkdə (maşınla tərcümə, ünsiyyət modelinin analoqunun hazırlanması, mətnlərin avtomatik redaktəsi və s.) xüsusi əhəmiyyət kəsb edən Azərbaycan dili, o cümlədən respublikamızda tədris olunan dillərin akustik aspekti kompüter proqramları vasitəsilə tədqiq edilir. REA Sibir Bölməsinin Filologiya İnstitutu nəzdində fəaliyyət göstərən Eksperimental-fonetik tədqiqatlar laboratoriyasında isə dil səslərinin artikulyator, yəni fizioloji aspekti tədqiq edilir. Dillərin tədqiqində hər iki aspektin birlikdə öyrənilməsi fonetik təqiqatlarda elmi cəhətdən daha səmərəlidir. Bu baxımdan Azərbaycan Dillər Universiteti ilə REA Sibir Bölməsinin Filologiya İnstitutu arasında səmərəli işgüzar əlaqənin yaradılması, hər iki tərəfin öz tədqiqat sahəsində əldə etdiyi bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi elmin inkişafı üçün məqsədəuyğundur.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli və həmin kafedranın dosenti Cəmil Babayev bugünlərdə Rusiya Federasiyasının Novosibirsk şəhərində yerləşən Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Filologiya İnstitutunda işgüzar səfərdə olublar. ADU-nun professoru Fəxrəddin Veysəlli səfər çərçivəsində İnstitutda gənclərə “Dilin səs tərəfinin avtonomluğu problemi“ mövzusunda mühazirə oxuyub, eyni zamanda mövzuyla bağlı geniş müzakirələr aparılıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər