19 İyun 2015 18:47
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AZƏRTAC-a müsahibəsini təqdim edir.

- İnsan hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərlərinin Ermənistana qarşı” iş üzrə qərar elan edildi. Bu işə baxılması, Azərbaycan hökumətinin prosedurada iştirak etməsi barədə məlumat verməyinizi xahiş edirik.

- 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət etmişlər.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə biz zəruri tədbirləri görməyə başladıq. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar tərəfimizdən toplanılmışdır. Avropa Məhkəməsində mövqeyimizi artıq dərəcədə dürüst və mötəbər şəkildə bildirilməsini təmin etmək üçün dünya miqyasında tanınmış beynəlxalq hüquq üzrə mütəxəssislər Böyük Britaniyalı İan Braunli, Malkolm Şou və Avstriyalı vəkil Qabriel Lanski ilə əməkdaşlıq yaradlmışdır.

Bu, Azərbaycanda belə səviyyəli hüquqşünasların olmaması heç də demək deyil. Sadəcə, Avropa Məhkəməsində çıxış etmək təcrübəsinə malik olan, beynəlxalq hüquq aləmində tanınmış və nüfuzlu vəkillərin bizimlə əməkdaşlığa cəlb olunması qələbəmizdə əminliyi daha gücləndirdi.

Azərbaycan və xarici hüquqşünasların birgə gördüyü iş nəticəsində Azərbaycan Hökuməti tərəfindən Avropa Məhkəməsinə müvafiq sənədlər və materiallar təqdim edilmişdir.

- Avropa Məhkəməsinin bu qərarında hansı məsələlər həll olunur?

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, yəni beynəlxalq münaqişə ilə bağlı bu işin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ərizəçilərin hüquqlarının pozulması Azərbaycan Respublikasının suveren ərazisində baş verir. Lakin bu pozuntulara görə məsuliyyəti həmin ərazinin bir qismini işğal etmiş Ermənistan Respublikası daşıyır. Buna görə, ərizəçilərin hüquqlarının pozulması faktının Avropa Məhkəməsi tərəfindən müəyyən edilməsi üçün ilk növbədə işğal altında olan ərazilərin faktiki olaraq Ermənistanın nəzarətində olmasını sübut etmək zəruri idi.

Avropa Məhkəməsinin son qərarında da göstərilir ki, nəinki Laçın rayonu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafında olan 7 rayon Ermənistan Respublikasının səmərəli nəzarəti altındadır. “Quruda aparılan müharibənin qanunları və adətlərinə dair” 1907-ci il Əsasnaməyə istinadən bildirilir ki, səmərəli nəzarət anlayışı faktiki olaraq hərbi işğal anlayışına aiddir. Yəni Avropa Məhkəməsinin qərarında Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması təsdiq edilir.

Bu nəticəyə gəlmək üçün Avropa Məhkəməsi əvvəlcədən müəyyən etdi ki, Dağlıq Qarabağda olan qanunsuz rejim məhz və yalnız Ermənistan Respublikasının hərbi, siyasi, iqtisadi, maliyyə, inzibati və digər yardımına görə mövcuddur. Ermənistan Dağlıq Qarabağın öz ordusuna malik olmasını göstərsə də, Avropa Məhkəməsi vurğuladı ki, işğal olunmuş ərazilərdə əsasən Ermənistan ordusu fəaliyyət göstərir. Bundan əlavə, qərarda həmin ərazilərdə Ermənistan Respublikasının məhkəmələrinin fəaliyyət göstərməsi sübuta yetirilmişdir. Yəni, Ermənistan işğal latında olan ərazilərdə baş verənlərə görə tam məsuliyyət daşıyır.

Ermənistanın məsuliyyət məsələsi həll olunduqdan sonra qərarda Azərbaycan məcburi köçkünlərinin mülkiyyət hüququnun və öz evlərində yaşamaq hüququnun pozulması müəyyən edilmişdir. Avropa Məhkəməsi Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtmaq, mülkiyyətlərindən və torpaq sahələrindən istifadə etmək hüququnu təsdiq etmişdir.

Bundan əlavə, Avropa Məhkəməsi müəyyən etmişdir ki, ərizəçilərin qeyd edilən hüquqlarının pozulması işğal edilmiş ərazilərdən bütün azərbaycanlıların köçürülməsi və öz evlərinə qayıtmaq imkanından məhrum edilməsi səbəbindən baş vermişdir. Konvensiyanın 14-cü maddəsinə əsasən şikayətlərə ayrıca baxmasa da, Avropa Məhkəməsi etiraf etmişdir ki, Azərbaycan məcburi köçkünlərin hüquqlarının pozulması ayrı-seçkilik nəticəsində baş vermişdir.

- Bu qərarın Azərbaycan, ümumiyyətlə münaqişənin həlli üçün hansı nəticələri ola bilər?

- Avropa Məhkəməsi ərizəçilərin şikayətlərinin mahiyyəti üzrə qərar çıxararaq onlara ödəniləcək kompensasiyanın məbləği məsələsinin həll olunmasını növbəti mərhələyə saxlamışdır. Ərizəçilər kompensasiya barədə tələblərini irəli sürsələr də, məhkəmə hesab etmişdir ki, o, bu məsələni hal-hazırda həll etmək qabiliyyətində deyil. Bununla əlaqədar olaraq ərizəçilərə və cavabdeh dövlətə kompensasiya ilə bağlı mövqeyi bildirmək üçün 12 ay müddəti verildi.

Buna baxmayaraq, hesab edirəm ki, həmin qərarla Avropa Məhkəməsi ermənilərin uydurma iddialarına son qoydu. Artıq Ermənistan heç bir yerdə deyə bilməz ki, “Dağlıq Qarabağ Respublikası” deyilən qurum müstəqil olaraq mövcuddur və Yerevan onun həyata keçirdiyi tədbirlərə görə məsuliyyət daşımır. Yekun xarakter daşıyan beynəlxalq məhkəmənin hökmü beynəlxalq səviyyədə məcburi hüquqi qüvvəyə malik olan sənəddir və heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən inkar edilə bilməz.

Avropa Məhkəməsinin qərarında nəinki Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğal etməsi, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin aparılması göstərilmiş, həmçinin mövcud vəziyyətin qoruyub saxlamasına görə Ermənistanın cavabdeh olması müəyyən edilir. Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfin Azərbaycan və Ermənistanın olması təsdiq edilir.

Bundan əlavə, Avropa Məhkəməsinin həmin qərarı yekun qüvvəyə mindiyi üçün artıq Avropa Şurası Nazirlər Komitəsinin məhkəmə qərarlarının icrasına nəzarət səlahiyyətlərinə aiddir. Deməli Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi bu qurumun gündəliyinə daxil olur və hər hansı üzv-dövlətin siyasi mövqeyindən və ya uydurma mülahizələrindən asılı olmayaraq Avropa Şurasının gündəmində olacaqdır. Bu, həmçinin digər beynəlxalq təşkilatlara da aiddir.

Avropa Məhkəməsinin bu qərarı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartların tətbiqini aradan qaldırmaq istiqamətində mühüm addımdır.

Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında xarici siyasətimizin əsas probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin olmasını bildirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır ki, erməni lobbisinin çirkin səylərinə baxmayaraq, biz son illər ərzində apardığımız siyasət nəticəsində sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır.

Şübhəsiz ki, Avropa Məhkəməsinin qərarı mövqeyimizin tam haqlı və əsaslı olmasını bir daha bütün dünyaya göstərdi.

Görünür, Azərbaycanın bu, növbəti uğuru yenə Ermənistanın rəsmilərini vahiməyə saldı. Bu ölkənin xarici işlər naziri Azərbaycanı qərardan istifadə etməməyə çağırırsa, deməli, qərarın Azərbaycan üçün vacib alətə çevriləcəyindən qorxur və etiraf edir ki, bu qərar Azərbaycanın maraqlarına tam cavab verir.

Biz Avropa Məhkəməsinin bu qərarı ilə kifayətlənməyəcəyik, məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiə və bərpa edilməsi məqsədilə tədbirlərimizi davam edəcəyik və erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməsinə nail olacağıq.


Müəllif:

Oxşar xəbərlər