Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2015-ci ilin ölkədə “Kənd təsərrüfatı ili” elan olunması və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı nəzərə alaraq bu sahədə fəaliyyətini uğurla davam etdirir.
AMEA-dan Teleqraf.com-a bildiriblər ki, bununla əlaqədar əhalinin taxıl məhsullarına tələbatının qarşılanması məqsədilə akademiyanın aidiyyəti elmi müəssisə və təşkilatları ilə məsləhətləşmələr aparılıb. AMEA rəyasət heyəti aparatının işlər idarəsi nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı “Xızı” Kənd Təsərrüfatı-İstehsalat Kompleksi tərəfindən Botanika İnstitutunun Karrar kəndində yerləşən torpaq sahəsinin 50 hektarlıq ərazisində keyfiyyətli buğda yetişdirilib.
“Aqrolizinq” ASC-nin Ucar aqroservis filialının köməyi ilə taxılın vaxtında və keyfiyyətli biçilməsi təşkil edilib. Əldə olunan məhsulun satışı Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun vasitəsilə həyata keçirilib.
Mütəxəssislər tədarük olunan buğdanın taxıl üçün qəbul edilən keyfiyyət göstəricilərinə cavab verdiyini bildiriblər.