Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ilin ötən dövründə 928 nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib.
ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən əlil arabasının verilməsi barədə qərar qəbul edilən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlil arabası ilə təmin edilirlər. Müvafiq hallarda bölgələrdə yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara əlil arabaları həmin insanların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunur. Son günlərdə bu məqsədlə 20 ədəd əlil arabası xüsusi ayrılmış avtomaşınla Gəncə şəhəri və ətraf rayonlara göndərilib.
Bu tədbir qeyd olunan şəxslərin əlil arabaları ilə təmin olunmaq üçün bölgələrdən Bakıya uzaq məsafə qət etmək çətinliyinin aradan qalxmasına, əlilliyi olan şəxslərin müvafiq xidmətlərdən daha rahat və şəffaf şəraitdə yararlanmalarına yönəlib.
Naibə QURBANOVA