İyunun 23-də Bərdə rayonunun Qullar kəndinə, eləcə də Beyləqan rayonunun Örənqala və Baharabad kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, açılış mərasimlərində həmin rayonların icra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 124 abonenti olan Bərdə rayonunun Qullar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 3176 metr müxtəlif diametrli polietilen və uzunluğu 8307 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 124 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
361 abonenti olan Beyləqan rayonunun Örənqala kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 15 095 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 361 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır. 135 abonenti olan Baharabad kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında uzunluğu 8076 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 135 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Naibə QURBANOVA