24 İyun 2015 13:47
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 24-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Neftçala, Biləsuvar, Hacıqabul və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin Neftçala şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad edib.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən bölgələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təminat, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, yerlərdə turizmin inkişaf etdirilməsi barədə məsələlər də müraciətlər arasında yer alıb. Vətəndaşlar tərəfindən bu xüsusda bir sıra təkliflər səsləndirilib.

Neftçala rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialının yaradılması, Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində Salyanın 2800 illiyinə həsr olunmuş ekspozisiya zalının təşkilinə köməklik göstərilməsi, arxeoloji abidələrin mühafizə zonalarının və sərhədlərinin dəqiqləşdirilməsi barədə müraciətlər olub. Salyan rayonunun “Mahirlər” ansamblı və “Cəngi” kollektivinin xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirakı, Biləsuvar rayon Mədəniyyət mərkəzinin əyani vəsaitlərlə təmin edilməsi, Hacıqabul rayon Mədəniyyət mərkəzindəki həvəskar kukla teatrına inventarların verilməsi barədə xahişlər edilib. Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər olub.

Salyan sakini Ramin Əliyev rayon ərazisində aparılan qazıntılar zamanı aşkar olunmuş qədim yaşayış məskəninə turist səfərlərinin edilməsi barədə təkliflə çıxış edib. Nazir təklifi müsbət qarşılayaraq müvafiq köməklik göstəriləcəyini bildirib.

Hacıqabul sakini Mayaxanım Mehtiyevanın rayon Mərkəzi kitabxanası və onun filiallarının gözdən əlil insanlar üçün xüsusi nəşrlərlə təmin edilməsi barədə müraciəti də müsbət qarşılanıb. Əbülfəs Qarayev bu məsələnin vacibliyini qeyd edərək zəruri köməyin ediləcəyini deyib.

Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə regionlarda mütəmadi olaraq keçirilən bu görüşlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sakinlərlə birbaşa ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ şəkildə həllini tapır. Nazir vətəndaşların təşəbbüskarlığını, problemlərə, aktual məsələlərə diqqət yetirməsini müsbət qarşılayıb.


Müəllif:

Oxşar xəbərlər