25 İyun 2015 13:34
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələdə bu rayonun, eləcə də Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “açıq qapı” şəraitində keçən qəbul zamanı vətəndaşlar əsasən dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təmin olunma, bərpa-müalicəyə kömək edilməsi, məşğulluğun təminatı, sosial xidmət müəssisəsinə qəbul edilmə, istehsalat xəsarətinə görə müavinətin təyin olunması, əmək hüquqlarının müdafiəsi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə diqqətlə araşdırılaraq cavablandırılıb. S.Müslümovun tapşırığı əsasında bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində həllini tapması, ayrı-ayrı vətəndaşların bərpa-müalicəsinə kömək göstərilməsi, lazımi reabilitasiya avadanlıqları, əlilliyi olan şəxslərin sanator-kurort yollayışı ilə təmin olunması və s. barədə tapşırıqlar verilib.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, indi respublikanın demək olar ki, bütün bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün mənzillər tikilir. Bakıda 96 mənzilli, İmişli, Beyləqan rayonlarında hər biri 54 mənzilli, Şamaxı rayonunda 36 mənzilli yaşayış binaları inşa olunur. Bununla bərabər, Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə istismara hazır binalardan alınmış mənzillər təmir edildikdən sonra qeyd olunan təbəqələrə aid şəxslərin istifadəsinə veriləcəkdir. Digər tərəfdən, ölkənin regionlarında 379 fərdi ev, o cümlədən Qəbələ rayonunda 3, Şəki rayonunda 6, Oğuz rayonunda 5, Balakən rayonunda 3, Zaqatala rayonunda 16, Qax rayonunda 3 ədəd fərdi ev inşa olunur. Onların bu il ərzində istifadəyə verilməsi təmin ediləcək. Ümumilikdə, Sərəncamın uğurlu icrası nəticəsində, 2014-cü ilədək bütün növbədə olan müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı yaxın illərdə həyata keçiriləcək.

Ayrı-ayrı şəxslərin minik avtomobilinə tibbi göstərişinin olub-olmamasının müəyyən edilməsi üçün onların müayinəsinin aparılması barədə göstəriş verən nazir bildirib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobili ilə təminatının sürətlənməsi bu məqsədlə növbəyə dayanmaq istəyənlərin sayının artmasına səbəb olub. Lakin burada qanunvericiliyə əməl olunmasına və şəffaflığın təminatına ciddi nəzarət həyata keçirilir. Təkcə cari ilin yanvar-mart aylarında tibbi-sosial ekspert komissiyalarına müraciət edənlərdən yalnız 31,1 faizinin (130 nəfər) minik avtomobilinə tibbi göstərişinin olduğu müəyyən edilib və onlara həmin göstərişlər verilərək növbəyə götürülüb.

Qəbul zamanı iş yeri ilə təmin edilmək üçün müraciət edən şəxslərin məşğulluğunun təminatına yerindəcə kömək göstərilib. Ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib və həmin müraciətlərin obyektiv araşdırılaraq konkret tədbirlər görülməsi tapşırılıb. Bir sıra müraciətlər nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı olduğundan onlar müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.


Müəllif: