Bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Azərbaycanda xalqla iqtidar arasındakı birlik ən yüksək səviyyədədir. Trend-in məlumatına görə, iyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışında nitqində deyib.
Prezident bildirib ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə gedir, iqtisadi potensial, hərbi qüdrətimiz güclənir: “Azərbaycanda gözəl ictimai ab-hava var. Bu, doğrudan da nümunəvi bir ölkədir və bütün bu uğurların başlıca səbəbi müstəqillikdir.
Bizim əvvəllər də enerji resurslarımız var idi. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycan nefti dünya neftinin 50 faizini təşkil edirdi. Ancaq o sərvət, o nəticələr harada idi?! Çünki o resurslar bizə məxsus deyildi. Ancaq müstəqillik illərində biz böyük nəticələrə nail ola bilmişik.
Bizim xalqımız azaddır, müstəqildir. Biz öz həyatımızı özümüz qururuq, heç kimdən asılı deyilik. Bizim müstəqilliyimiz sadəcə olaraq dövlət atributları ilə ölçülmür. Biz müstəqil siyasət aparırıq, bütün beynəlxalq tribunalarda sözümüzü deyirik, bütün beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyimizi ifadə edirik. Bəzi hallarda bu, bizi istəməyən xarici qüvvələri, dairələri qıcıqlandırır. Ancaq mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ Azərbaycan xalqının təhlükəsizliyi, rifahı, Azərbaycan dövlətinin inkişafı və güclənməsidir”.
Onun sözlərinə görə, bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir: “Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndidə qaldırılacaqdır. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır”.