26 İyun 2015 14:31
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qidalanmaya və istidən qorunmaya diqqəti artırmaq lazımdır

Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində qeydə alınan rekord istilərlə bağlı açıqlama yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, yuxarı temperatur göstəriciləri müxtəlif illərdə iyul-avqust aylarında qeydə alınıb: “Aparılan çoxillik müşahidələrə görə, Bakı və Abşeron yarımadasında yay aylarında ən yüksək temperatur 2011-ci ilin iyul-avqustunda 42 dərəcə təşkil edib”.

Gülşad Məmmədova deyib ki, bölgələrdə ən isti yay Naxçıvan Muxtar Respublikasında qeydə alınıb: “Burada ən isti il 2000-ci ilin avqustunda olub. Həmin il Culfa və Ordubadda havanın hərarəti 46 dərəcəyə qədər yüksəlib”.

Havanın isti keçməsi insanlar üçün problem yaradır. Belə havalarda günvurmadan şikayətlər artır. May ayından bu günə qədər 10 nəfər günvurma səbəbindən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyevin sölərinə görə, onlardan iki nəfəri stasionara yerləşdirilib: “Müraciət edənlərin əksəriyyəti orta yaşlı insanlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə gün vuran insanların sayında elə bir artım yoxdur. Qiymətləndirmə mövsümün sonunda aparılır. Bu dövr üçünsə son günləri çıxsaq, hələ ki, yayın o qədər də isti keçdiyini demək olmaz”.

İstidən necə qorunmalı?

Həkimin sözlərinə görə, bu cür hallardan qorunmaq üçün məsləhətlərə hər kəs əməl etməlidir: “Baş örtüyü olmadan açıq havaya çıxmaq lazım deyil. Günəşin zərərli şüalarından qorunmaq lazımdır. Yay aylarında, isti havalarda maye qəbulunu artırmaq, sərinləşdirici mayeləri çoxaltmaq, yağlı qidalardan imtina etmək məsləhətdir”.

Açıq havada gəzməyə gəlincə, bu cür isti havalarda 15 dəqiqədən artıq gün altında qalmaq təhlükəlidir. Ümumiyyətlə, saat 11:00-lə 17:00 aralığında bayıra çıxmamaq, qapalı yerdə qalmaq tövsiyə olunur.
Amma işinə görə açıq havada çox vaxt keçirməyə məcbur olan insanlar var. Odur ki, isti havada çox vaxt keçirənlər ehtiyatlı olmalı, özlərini pis hiss edən, hərarətlərinin qalxdığını bilən kimi həkimə müraciət etməlidirlər.

İsti havada ən çox qorunmalı olanlar isə oruc tutanlardır. Ramazan ayı bu il də yay mövsümünə təsadüf etdiyindən orucun müddəti uzun olacaq. Bundan başqa, havaların çox isti keçməsi oruc tutan şəxslərin sağlamlığı ilə bağlı bəzi suallar doğurur. Belə isti havalarda oruc tutanlar necə qidalanmalıdır, orqanizmi lazımi miqdarda maye ilə necə təmin etmək lazımdır?

İftara bir-iki saat qalmış hərəkət edin

Sualları həkim-dietoloq Tutu Zeynalova cavablandırdı. Dietoloq deyir ki, orucun bir faydası da yemək qaydasını rejimə salmaqdır. Bu baxımdan imsak - səhər yeməyi vacibdir: “Çoxları yatıb yuxuya qaldıqları üçün sahura qalxa bilmirlər. Amma sahursuz orucun orqanizmə faydasından çox ziyanı var. Yay aylarına düşdüyü üçün səhər yeməyinə meyvə şirələri, meyvə-tərəvəz, eləcə də, vitaminlərlə bol giləmeyvələr daxil etmək olar.

Şaftalı sahur üçün faydalıdır. Vitaminlər səhər yeyildiyi zaman orqanizm tərəfindən daha tez mənimsənilir və gün ərzində enerjimizi artırır. Bu cür qidalansaq, beynin hüceyrələri şəkərlə təmin olunar, zehni fəaliyyətimiz də normal çalışar".

Müsahibimiz Ramazanda ənənəvi səhər yeməyindən imtinanı düzgün saymır: “Normal səhər yeməyi - pendir, çörək, yumurta ilə qidalanmaq da faydalıdır. Yumurtada zülal olduğu üçün həftədə iki dəfə vacib qida kimi səhər yeməyində yeyilməsi önəmlidir. Amma səhər yeməyə başlamazdan əvvəl bir və ya iki stəkan su için. Səhər vaxtı içdiyiniz o su sizin gündəlik tələbatınızı balanslaşdırır. Səhərlər duzlu qidalardan uzaq durmaq lazımdır. Dietik pendir və ya axşamdan suya qoyulmuş pendirlə də qidalanmaq olar”.

Həkimin sözlərinə görə, səhər yeməyinin sayəsində günorta saat 2 və ya 3-ə qədər enerjisi insanı aktiv saxlayır, amma o saatdan sonra süstlük müşahidə edilə bilər. Ona görə də saat 3-dən 6-ya qədər çox hərəkət etmək lazım deyil: “Günəşdən qorunun. Əks halda səhhətinizə mənfi təsir göstərər. Xüsusən də ürək-qan damar xəstəliklərindən əziyyət çəkən, arterial təzyiqi yuxarı olanlar özlərinə diqqət etməlidirlər. İftara bir-iki saat qalmış aktivləşin. Gəzin, fiziki işlə məşğul olun. Bu halda iftar yeməyi daha rahat həzm olunacaq”.

Orucu xurma ilə açmaq ziyandır

İftara gəlincə, dietoloq orucun xurma ilə açılmasına qarşıdır: “Xurma təbii fruktoza ilə zəngin olsa da, ağır meyvə sayılır, ac mədəyə qəbulu məsləhət deyil. Bu qadağa meyvə qəbuluna da aiddir. Acqarına yeyilən meyvə şəkər xəstəliyinə dəvətnamədir. İftarı da su ilə açmaq buyurulur. Əvvəlcə bir stəkan su içmək, beş dəqiqə sonra yeməyə başlamaqla iftarı açmaq lazımdır.

Yemək fasilələrlə az-az qəbul edilməlidir. Lavaş ac mədəyə görə məsləhət deyil, çünki gec həzm olunur. Qara çörəyə daha çox üstünlük verin. Yeməkdən dərhal sonra su və yaxud çay içməyin. Bu, öd daşının yaranmasına səbəb olur. Xüsusilə, axşam saatlarında meyvə yeməyin. Bu, yüksək dərəcədə metiorizm, yəni güclənmiş köp əmələ gətirir. Turşuluq artır, mədə-bağırsaqda problemlər yaranır. Kefir için. Ağartı məhsullarını məsləhət görərdim. Yuxudan əvvəl qatığa az miqdarda su əlavə edin, ayrandan qatı, qatıqdan yumşaq olsun. Xüsusilə quru qida qəbulundan sonra yatmazdan əvvəl için. Ümumilikdə yeməkdən yarım saat sonra bitki çayı qəbul edin".

Tutu Zeynalova acqarına qarpız, yemişlə qidalanmanı düzgün saymır. Ətlə qidalanmanı isə vacib hesab edir, lakin ətin bişirilməsi qaydası düzgün olmalıdır. Əti qızarmış, yağlı, bərk halda qəbul etmək ziyandır.

Naibə


Müəllif:

Oxşar xəbərlər