Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməyin mühafizəsi üzrə tədris kurslarına indiyədək 300-dən artıq müəssisə cəlb edilib.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, bu müəssisələr üzrə ümumilikdə 470 nəfər mütəxəssis kursları başa vurublar və onlara müvafiq sertifikatlar verilib.
Ötən ilin noyabr ayından ilk dəfə olaraq təşkil edilən tədris kurslarına nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində təşkil olunan kurslarda mütəxəssislərə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair elmi-hüquqi, həmçinin praktik bilgilər, təhlükəsiz və sağlam əmək şəraiti ilə bağlı nəzəri biliklərin təcrübədə tətbiqi yolları barədə izahatlar verilir, onların peşəkarlıq səviyyələri artırılır. Məşğələlər müddətində onlar müvafiq əyani və metodiki vəsaitlərlə, təlimin sonunda isə aparılmış müsahibənin nəticələrinə uyğun olaraq sertifikatlarla təmin edilirlər.
Kursların təşkili Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinin icrasına yönəlib. Belə ki, həmin bənddə müəssisə, idarə və təşkilatların rəhbər işçilərinin 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı, ixtisasartırma kurslarında təlim keçməli olduqları və bu sahədə onların biliklərinin yoxlanılması nəzərdə tutulur.