“Mən I Avropa Oyunlarının yüksək səviyyəli səhiyyə xidmətlərinin göstərilməsində, planlaşdırma və fəaliyyətə, həmçinin inanılmaz əməkdaşlıq nümunəsinə görə səhiyyə naziri Oqtay Şirəliyevə və rəhbərlik etdiyi komandaya öz təşəkkürümü ifadə etmək istəyirəm”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu sözlər London Olimpiadası Təşkilat Komitəsi Tibbi Xidmətlərinin sabiq rəhbəri və I Avropa Oyunları Təşkilat Komitəsi Tibbi xidmətlər və Dopinqlərə Nəzarət Departamentinin rəhbəri Dr. Pamela Venninqin səhiyyə naziri Oqtay Şirəliyevə göndərdiyi məktubda qeyd olunub.
Dr. Pamela Venninq I Avropa Oyunlarının keçirildiyi zaman göstərilən tibbi xidmətlərin səviyyəsini yüksək qiymətləndirib: “Səhiyyə Nazirliyi Avropa Oyunları Tibbi Xidmətlər Standartlarına uyğun bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirib. Siz sözün əsl mənasında, vəzifə borcunuzdan da artıq olaraq fədakarlıqla çalışmışsınız. Təcili və Təxirəsalınmaz Yardım və Hospital servizləri bizim hər bir təklifimizə uyğun olaraq müstəsna xidmətlər göstərdi. Bununla bərabər, Avropa Oyunları Qərargahında planlaşdırma və fəaliyyət üzrə bizimlə çiyin-çiyinə çalışan komandanın müstəsna işini qeyd etmək istərdim. Onlar, böyük təşəbbüskarlıqla bütün tələblərin öhdəsindən gəlib. Təlimlərdə onların liderlik xüsusiyyəti, yeni proqramların və prosedurların adaptasiyasında işbirliyi təqdirəlayiqdir”.
Pamela Venninq qeyd edib ki, oyunlar zamanı bütün aidiyyəti qurumları kimi səhiyyənin də üzərinə çox böyük öhdəliklər və müstəsna məsuliyyət düşürdü: “Təcili və Təxirəsalınmaz Tibbi xidmətin təkmilləşdirilməsi, oyunların keçirildiyi arealda səhiyyə müəssisələrinin seçilməsi, tibbi personalın Beynəlxalq Kardiologiya Assosiasiyasının tələblərinə uyğun olaraq BLS və ATLS proqramlarına uyğun olaraq təlimlərin keçirilməsi, sanitar epidemioloji rifahın təminatı, intensiv xarici dil kurslarının təşkili və digər tədbirlər bu qəbildən idi. Ümidvaram ki, bu qəbildən olan müsbət təcrübə ölkənizdə keçiriləcək gələcək böyük beynəlxalq tədbirlər üçün gözəl bir mənbəyə çevriləcəkdir və mən böyük maraqla bunları izləyəcəyəm. Hədsiz qürur hissi ilə deyirəm ki, sizinlə və sizin komanda ilə çalışmaq mənə nəsib olub”.
Naibə QURBANOVA