30 İyun 2015 15:03
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rabitə birlik və müəssisələrinin rəhbərlərinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Komitənin digər məsul işçilərinin iştirakı ilə I Avropa Oyunlarının başa çatması münasibəti ilə tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa oyunlarının uğurla keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərin xüsusi əhəmiyyət kəsb etdiyini və oyunlar keçirilən dövrdə qeyd edilən bütün rabitə xidmətlərinin lazımi səviyyədə fəaliyyət göstərdiyini qeyd edib: “Biz artıq I Avropa Oyunlarının telekommunikasiya işləri çərçivəsində görülən işləyə ilkin yekun vurmuşuq. Qarşıya qoyulan məqsəd Azərbaycan saytlarının, I Avropa Oyunlarına aid olan informasiya və internet resurslarının kiberhücumlardan qorunması idi. Təhlükəsizlik məsələsi müxtəlif təhlükəsizlik strukturları, həmçinin xarici partnyorlarla birlikdə çox yaxşı təşkil olunub, 2-3 səviyyədə müdafiə sistemləri qurulub. Bunların nəticəsi idi ki, böyük bir tədbirin elektron bazasında ciddi bir kiberhücumlar olmadı. Qeydə alınan kiberhücumların qarşısı vaxtında, yerindəcə alınıb. Onların demək olar ki, 70-80%-i ölkəmizə daxil olmadan bizim xarici partnyorlarımızla birlikdə apardığımız işlər nəticəsində dəf olunub”.

Nazir həmçinin ekspertlərin kiberhücumların qorunma sisteminə çox yüksək qiymət verdiyini də bildirib: “Qeyd etmək istəyirəm ki, bu təcrübədən bundan sonra keçirilən tədbirlərdə də istifadə olunacaq”.

Əli Abbasov I Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlar, Oyunların möhtəşəm Açılış-Bağlanış mərasimlərinin dünya ölkələrinə və respublikaya yüksək keyfiyyətlə fasiləsiz yayımının təşkilində Beynəlxalq İdman Yayım Şirkəti ilə yanaşı, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin, “Azərkosmos” ASC-nin və Məlumat Hesablaşma Mərkəzinin də xüsusi rol oynadığını vurğulayıb.

Daha sonra tədbirdə BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edib.

Baş direktor I Avropa Oyunlarının telekommunikasiya, internet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edərək nazirə təşəkkürünü bildirib: “Texnolgiyanın həyatımızda oynadığı rolun mahiyyətinə varmırıq. Onun vacibliyini hər hansı texnologiya əşyamızda problem yaranan zaman başa düşür və o zaman biz texnologiyaya yüksək dəyər veririk. Texnologiya ancaq detallı şəkildə planlaşdırıldığı və ya müzakirə olunduğu halda gözəl işləyir və nəticələrə nail olur. Buna görə də qeyd etmək istəyirəm ki, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin bütün əməkdaşları BAOƏK-un bütün əməkdaşları ilə yaxından əməkdaşlıq edərək bütün hər bir məsələni dərindən detallı şəkildə müzakirə edərək bugünki naliyyətlərimizə imza atmışlar”.

I Avropa Oyunların keçirildiyi dövrdə RYTN-nin aidiyyəti birlik və müəssisələrinin mütəxəssislərinin BAOƏK-in Texniki Əməliyyat Mərkəzində Komitənin digər əməkdaşları ilə birgə səmərəli fəaliyyət göstərdiyi, telekommunikasiya xidmətlərinin, televiziya yayımın, informasiya təhlükəsizliyinin lazımi səviyyədə təşkil edildiyi üçün BAOƏK-in əməkdaşlarına xüsusi minnətdarlıq edilib.

Daha sonra isə Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq və oyunların telekommunikasiya və yayım xidmətləri və informasiya təhlükəsizliyi ilə təminatında, radiotezliklərin təchizatında fəaliyyət göstərmiş bir sıra dövlət və özəl rabitə müəssisələri, BAOƏK-in və RYTN-in aidiyyəti rəhbər işçiləri və mütəxəssisləri RYTN-in fəxri fərmanları ilə təltif edilib.

Nazir yekun çıxışında BAOƏK rəhbərliyinə bir daha minnətdarlıq edib və gələcəkdə də belə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün RYTN-in böyük potensialından səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər