Birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan Bolqarıstan prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliyev mərkəzin üzvlərini qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Bolqarıstan prezidenti tarixdə ilk dəfə baş tutan I Avropa Oyunlarının yüksək səviyyədə təşkilini vurğulayaraq bunu Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndirib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Mərkəzin işini yüksək qiymətləndirən R.Plevneliyev xüsusilə bu ilin aprel ayında keçirilmiş III Qlobal Bakı Forumunun artıq dünyanın siyasi toplantılarından birinə çevrildiyini qeyd edib. Bolqarıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti toplantısını Sofiyada keçirməyi təklif edib.
Toplantıda I Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan mərkəzin üzvləri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Latviyanin sabiq prezidenti Vayra Vike-Frayberqa, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşları iştirak edib.
Səxavət