26 May 2014 14:47
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynalxalq İnsan Hüquqlarının Müdafiəsi Assosiasiyasının 25 may 2014-cü ildə Ukraynada keçirilmiş prezident seçkilərilə bağlı ilkin rəyini açıqlayıb. Rəyin bir surəti Teleqraf.com-a təqdim olunub. Rəyi qısa ixtisarla oxuculara təqdim edirik.

Baş tutan seçki

Ukraynada mayın 25-də prezident seçkiləri keçirilib və seçicilər devrilmiş president Viktor Yanukoviçin xələfini müəyyən ediblər. O, Moskvanın qurduğu iqtisadi strukturun xətrinə Avropa İttifaqı ilə ticarət müqaviləsindən imtina etməsi nəticəsində başlamış və bəzən zorakılığa çevrilən uzun sürən etirazlardan sonra fevral ayında devrilmişdi. Prezident seçkilərinə Ukraynada hazırlıq hadisələrin dramatik inkişafı fonunda keçirilib. Ölkə ərazisinin bir hissəsi olan Krım yarımadası Rusiya tərəfindən işğal edilib. Həmçinin, Kreml ölkənin şərq regionlarında separatçılığı qızışdıraraq seçkini pozmağa çalışıb. Bütün bunlara baxmayaraq həmin gün seçici fəallığı yüksək olub və seçki məntəqələrində səsvermədə iştirak etmək istəyən vətəndaşlar uzun növbələrdə dayanıblar. Ukraynada prezidentlik uğrunda 21 nəfər yarışıb və 35, 5 milyon seçicisi olan ölkədə seçki baş tutub. Prosesləri izləmək üçün ölkəyə xeyli sayda beynəlxalq təşkilatlar və media nümayəndələri gəlib. Ukrayna Mərkəzi Seçki Komissiyasının məlumatına görə seçicilərin 60 faizi seçkilərə qatılıb və seçki baş tutub. Axşam saatlarında ölkənin əksər regionlarında dolu və ildırımla müşayiət olunan güclü yağış belə seçici fəallığına təsir etməyib. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə artıq seçkilərin ikinci turuna ehtiyac qalmayıb və yəhudi əsilli Pyotr Poroşenko 54,09% səslə Ukraynanın yeni prezidenti seçilib. Keçirilən rəy sorğularının nəticələri də Pyotr Poroşenkonun Ukraynanın yeni prezidenti seçiləcəyini bildirirdi. Müşahidəçilər də hesab edir ki, seçkilərin ikinci turu keçirilməyəcək. Vitali Kliçkonun Kiev meri uğrunda qələbə çalmasını ekspertlər hesab edir ki, bu Poroşenkonun ikiqat qələbəsidir. Beynəlxalq Sosialogiya İnstitutu Ukraynada keçirilmiş seçkilər zamanı apardığı exit-poll tədqiqatının nəticələrinə görə Pyotr Poroşenko 55,9% səslə irəlidə olub. Timoşenko isə 12,9% səslə rəqibindən xeyli geri qalıb.

Qanlı toqquşmalar

Ukrayna MSK-nın verdiyi xəbərə görə, seçki ölkənin bütün şəhərlərində keçirilib. Luqansk və Donetsk vilayətlərində də seçki baş tutub. Buna baxmayaraq həmin regionlarda antiterror əməliyatları davam edib. Ukraynanın şərq vilayəti olan Luqanskda isə seçki komissiyasına separatçılar tərəfindən müdaxilə olunub. Səsvermə prosesi yekunlaşmamış qutunun açılmasını tələb edən separatçılar buna nail olmadıqda bütün komissiya üzvlərini gülləbaran ediblər. Ölü sayı dəqiq məlum olmasa da bütün komissiya üzvlərinin həyatlarını itirdikləri qeyd edilib. Bundan əlavə, Ukraynanın Andreyevka kəndində avtomobillərinə açılan atəş nəticəsində 30 yaşlı italiyalı fotoreportyor Andrea Roçelli həlak olub. Jurnalisti kimlərin və niyə öldürdüyü məlum deyil. Fransalı jurnalist Viyam Roqulyon isə hadisə zamanı ağır yaralanıb. 25 may seçkiləri Ukraynanın müstəqillik tarixində ilk dəfə fövqəladə durumda keçirilmiş seçkilərdir. Bu seçkilər həm də Krımsız keçirilib və yarmadanı Rusiyaya təslim edən mərkəzi hakimiyyət seçki gününə qədər Luqans, Donetsk vilayətlərinə də nəzarəti tam bərpa edə bilməyib. Bununla belə, ölkə əhalisi Ukraynanın itirilən Krımı geri qaytaracaqlarına, separatçıları cəzalandırılacağına inanır.

Seçkiöncəsi siyasi vəziyyət və namizədlərin siyahısı

Yanukoviç ölkəni tərk etdikdən sonra bərpa edilmiş Konstitusiyaya görə Ukrayna parlament-prezident respublikasıdır. Bu səbəbdən yeni prezidentin səlahiyyətləri sələfindən xeyli az olacaq. Yeni prezident Xarici işlər naziri və Müdafiə nazirini təyin edə biləcək, lakin hökümətə təsiri olmayacaq. Höküməti parlament çoxluğu formalaşdıracaq. Prezident, eləcə də Baş prokuror və Ukrayna Təhlükəsizlik Xidməti başçısı vəzifəsinə namizədləri irəli sürə biləcək. Qeydiyyata alınan namizədlərdən rusiyapərəst deputat Oleh Tsaryov, keçmiş Sosial Siyasət üzrə nazir Nataliya Korolevska və avropapərəst fəal Zoryan Shkiryak namizədliklərini geri götürüb. Prezidentliyə namizədlər sırasında təmamilə fərqlənən siyasətçilər daxil olub. Heç kimə qoşulmayan Radikal Partiyasının lideri Oleh Lyashko, Yanukoviç əleyhinə mitinqlərdə iştirak etmiş dermatoloq və mahnı ifaçısı Olha Bohomolets, mütəşəkkil cinayətkarlıq və insan haqlarının pozulmasında iştirakı olduğu iddia edildiyinə görə ABŞ-a girişi yasaqlanan Baş Prokurorun keçmiş 1-ci müavini Renat Kuzmin siyahıda yer alıb. Qalanlar arasında keçmiş Baş nazir müavini Yuriy Boyko; Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Mykola Malomuj; Ukrayna Yəhudi Konqresinin lideri Vadim Rabinoviç; Vətəndaş Mövqeyi platformasını təmsil edən deputat Anatoliy Hritsenko; Ukrayna Xalq partiyasından Oleksandr Klimenko; Ukrayna Xalq Hərəkatından Vasil Kuybida; Ukrayna Antiinhisarçılıq komitəsinin keçmiş rəhbəri Vasil Tsuşko; keçmiş deputat Valeri Konovalyuk; və az tanınan iş adamları Volodımır Saranov və Andri Hrinenko kimi fiqurlar var. Xarizmatik lakin birmənalı qarşılanmayan keçmiş Baş nazir Yuliya Timoşenkonun namizədliyi Batkivşina partiyası tərəfindən irəli sürülüb. Seçkilərə qədər Ukrayna de-fakto bu partiya tərəfindən idarə olunurdu, partiyanı isə Yuliya Tymoshenko idarə edir. Qatı sağçı olan Oleh Tyahnıbok Azadlıq partiyasının namizədidir. O, qələbə çalmayacağını bilsə də, seçkilərə partiyasını populyarlaşdırmaq üçün qatılıb. Petro Symonenko Kommunist Partiyasının namizədidir. Yanukoviç dövründə prezident partiyası sayılan Regionlar Partiyası Xarkov regionun keçmiş qubernatoru və Xarkovun keçmiş meri Mykhaylo Dobkinin namizədliyini irəlü sürüb, lakin bu yaxınlarda partiyadan xaric edilmiş deputat Serhi Tıhıpko da seçkidə fərdi namizəd kimi iştirak edib. Yanukoviçin devrilməsində aparıcı rol oynamış və Rusiyada axtarışa verilən ultra-millətçi “Sağ Sektor” partiyasının lideri Dmıtro Yaroş seçkidə müstəqil namizəd qismində iştirak edib. Şirniyyat fabrikinin və “Kanal 5” populyar televizya kanalının sahibi, oliqarx Pyotr Poroşenkonun namizədliyini populyar siyasətçi, keçmiş DİN rəhbəri Yuri Lutsenko və Kiyev meri seçkilərində iştirakına bütün gücünü vermək üçün president seçkilərində namizədliyini geri götürmüş boksçu Vitali Kliçko dəstəkləyiblər.

Problemlər, risklər, narahatlıqlar

May ayında Ukraynanın şərqində bir neçə regionda müstəqillik uğrunda tanınmamış referendum keçirilib. Moskva prezident seçkilərini pozmağa çalışıb və Krımın işğalı, ölkənin şərq regionlarında separatçıların çıxışları bu planın bir hissəsi olub. Müvəqqəti prezident Oleksandr Turçinov, həmçinin Milli təhlükəsizlik və müdafiə şurasının katibi Andri Parubi dəfələrlə bildiriblər ki, Rusiya Ukrayna sərhədinə qoşun toplamaqla, Dontesk və Luqanska agentlərini göndərməklə prezident seçkilərini pozmağa çalışır. Rusiyapərəst fiqurlar da seçkinin baş tutmamasında maraqlı olduqlarını gizlətməyiblər. Özünü Slovyansk meri elan etmiş Vyacheslav Ponomaryov Rusiya mediasına aprelin 23-də bildirmişdi ki, onun tərəfdarları seçkinin qarşısını almaq üçün girovlara işgəncə verməyə belə hazırdılar. Təxminən eyni vaxtda Rusiya XİN rəhbəri Sergey Lavrov demişdi ki, Ukrayna üçün seçkilərin keçirilməsi “dağıdıcı olacaq”. O, Kiyevə əvvəlcə Ukraynanın şərq regionları ilə dil tapmağı məsləhət görmüşdü. Mayın 11-də Ukraynanın Donetsk və Luqansk regionlarında deyildiyi kimi “müstəqillik referendumları” keçirilib. Bu referendumların nəticəsini Rusiyadan başqa heç bir ölkə tanımayıb. Həmin regionlarda Ukrayna qüvvələrinin antiterror əməliyyatı davam etdirildiyi dövrdə orada səsvermənin keçirilməsinin olduqca çətin olacağı öncədən məlum idi. Kiyevin və Qərbin qanunsuz elan etdikləri referendumun keçirilməsindən əvvəl tanınmamış “Donetsk Xalq Respublikasının” lideri Denis Puşilin Moskva müxbirlərinə bildirmişdi ki, mayın 25-də Dontesk regionunda seçki keçirmək cəhdi “çətin ki baş tutsun”. Eyni ruhlu bəyanatı Luqansk separatçıları da səsləndirmişdilər. Ölkənin şərqində fəaliyyət göstərən separatçı qruplar tərəfindən seçkini pozmaq məqəsdilə seçki komissiyaları hədələnib, onların binaları tutulub, sənədləri və avadanlıqları məhv edilib. Gün ərzində ölkənin ən narahat bölgələri olan Luqansk və Donetskdə separatçı qüvvələr tərəfindən seçicilərə total təzyiqlər, bəzi məntəqələrə isə basqınlar olsa da, bir çox seçicilər səsvermə məntəqələrinə gələrək hər halda vətəndaşlıq vəzifələrini yerinə yetirə biliblər. Seçki günü 70 minlik polis qüvvəsi hazr vəziyyə gətirilib. Ukraynada seçkiləri müşahidə etmək üçün ATƏT-in çoxsaylı missiyası Ukraynaya göndərilib. Beləliklə, Moskvanın gizli-açıq dəstək verdiyi separatçı qüvvələrin çoxsaylı sabotajlarına, ölkənin cənub-şərqində əhalini total şəkildə qorxutmasına baxmayaraq Ukraynada dünyanın diqqətlə izlədiyi prezident seçkiləri baş tutdu. Xalq kifayət qədər yüksək seçici fəallığı ilə öz iradəsini sərbəst şəkildə ifadə edib. Bu mənada Kremlin postsovet məkanı ölkələrinin bundan sonrakı siyasi taleyinə təsirsiz qalmayacaq 25 may seçkilərini pozmaq planı fiaskoya uğradı.

Krımlılar səsvermədən kənarda qaldı

Seçkini keçirmək mümkünsüz olan yeganə Ukrayna ərazisi Rusiya tərəfindən işğal edilmiş Krım yarımadasıdır. Krımın tanınmamış rəsmiləri Ukraynanın qalan ərazisilə yarımadanın sərhədini bağlamasalar da, Ukrayna pasportları olan Krım seçiciləri ölkənin qalan ərazisində səs verə bilməyiblər. Ölkə qanunlarına görə digər yerdə səsvermədə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan çıxmaq tələb olunur. Krımlılar seçki hüquqlarını həyata keçirmək üçün yaxın şəhərlərə getsələr də, bu hüquqlarını gerçəkləşdirə bilməyiblər. Seçkilərin ikinci turu keçiriləcəyi təqdirdə qeydiyyatdan çıxmaqla krımlılar digər şəhərlərdə səs verə biləcəkdilər. Lakin MSK-nın elan etdiyi nəticələrdən də bəlli olur ki, artıq seçkilərin ikinci turuna ehtiyac qalmayıb və buna görə də təxminən 1.3 milyon Krım seçiciləri seçkidən kənarda qalıblar.

Ruslan


Müəllif: