Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar iyulun 1-də Zərdabda regional konfrans keçirilib.
17 rayondan yerli qəzetlərin redaktorlarının və rayon icra hakimiyyətlərinin məsul işçilərinin də dəvət olunduqları konfransın iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular.
Sonra milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi anıldı, abidəsi önünə gül-çiçək dəstələri düzüldü.
Daha sonra konfrans iştirakçıları Həsən bəy Zərdabi muzeyində oldular. Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazdılar. Burada onlara nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verildi.
Heydər Əliyev Mərkəzində keçirilən regional konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev açaraq, milli mətbuatımızın 140 illiyi münasibətilə iştirakçıları təbrik etdi.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək, qonaqları Zərdabi yurdunda salamlamaqdan məmnunluğunu bildirdi. İcra hakimiyyətinin başçısı konfransın “Bakı-2015” ilk Avropa Oyunlarında ölkəmizin qazandığı uğurların doğurduğu xoş təəssüratların təsiri altında keçirildiyini vurğuladı.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev konfransda çıxış etdi. O, son illər ölkəmizin digər bölgələri kimi, Zərdabın da sürətlə inkişaf etdiyini vurğuladı. Diqqətə çatdırıldı ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin Zərdabi yurduna göstərdiyi diqqət və qayğının nəticəsidir.
Prezident Administrasiyasının rəsmisi dövlətimizin başçısının son dövrlərdə Zərdaba iki dəfə səfər etməsindən danışaraq, Zərdabi muzeyinin əsaslı təmiri və eksponatlarla zənginləşdirilməsi məqsədilə 300 min manat vəsaitin ayrılması barədə Sərəncamın və bu işlərin həyata keçirilməsinin zərdablılar tərəfindən böyük minnətdarlıqla qarşılandığını diqqətə çatdırdı.
Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edən Ərəstun Mehdiyev bildirdi ki, 1875-ci il iyulun 22-də fəaliyyətə başlayan və cəmi 56 nömrəsi çıxan “Əkinçi” həm də dövrün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı və carçısı olub, ziyalıları vahid azərbaycançılıq ideyası ətrafında birləşdirərək bir araya gətirib.
“Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabinin milləti qarşısında xidmətlərindən danışan Ərəstun Mehdiyev deyib: "Zərdabi Zərdabı Azərbaycana, Azərbaycanı isə dünyaya tanıdıb. Biz milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı ilk regional konfransı Zərdabda keçirməklə Həsən bəy Zərdabiyə ehtiramımızı ifadə edirik".
Ərəstun Mehdiyev ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafına xüsusi önəm verildiyini, azad sözə, azad fikrə geniş imkanlar yaradıldığını diqqətə çatdırdı. 1998-ci ildə mətbuat üzərindən senzuranın götürülməsi ilə dövlətin mətbuata nəzarəti aradan qaldırıldı. Bundan sonra mətbuat daha sürətlə inkişaf etməyə başladı.
Bu gün Azərbaycan mətbuatı qarşısında böyük vəzifələrin durduğunu bildirən Ərəstun Mehdiyev dedi ki, kütləvi informasiya vasitələri hazırda ölkəmizə qarşı aparılan qara piar kampaniyasına tutarlı cavab verməli, müxtəlif mövzularda operativ, düzgün və geniş təhlili yazılar buraxmaqla, ictimaiyyəti vaxtında məlumatlandırmalıdır.
Sonra Ərəstun Mehdiyev Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına diqqəti cəlb edərək bildirdi ki, bu sənədə uyğun olaraq respublikamızda milli mətbuatımızın yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Bu silsilədən ilk tədbir Bakı Dövlət Universitetində keçirildi. Regionlar üzrə ilk konfrans isə Zərdabi yurdunda təşkil olunur. Hər iki ünvanın böyük rəmzi mənası var. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində gördüyü işləri xatırladan Ərəstun Mehdiyev bunun davamlı olacağını diqqətə çatdırdı.
Regional konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev “Azərbaycan milli mətbuatı 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda məruzə etdi, milli mətbuatımızın keçdiyi tarixi yola nəzər saldı, müasir jurnalistikanın, region mətbuatının qarşısında duran vəzifələrdən danışdı.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Jalə Əliyeva bu gün milli mətbuatımıza, jurnalistlərə göstərilən dövlət qayğısından bəhs etdilər.
Sonra konfrans işini məruzə və çıxışlar ətrafında müzakirələrlə davam etdirdi. Yerli qəzetlərin redaktorları region mətbuatının bugünkü durumundan, son dövrlərdə bu sahədəki inkişafdan danışdılar.
Konfransa yekun vuran Prezident Administrasiyasının rəsmisi Ərəstun Mehdiyev mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından söhbət açdı.