“Avropa Oyunlarını keçirəcək növbəti şəhərin adı açıqlanacağı zaman Avropa Oyunlarının məşəlinin Bakıda “Atəşgah”da alovlandırılması məsələsi müzakirəyə çıxarılacaq. Yəqin ki, təsdiq olunacaq”.
Teleqraf.com xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, hər 4 ildən bir keçiriləcək Avropa Oyunlarının məşəlinin Bakıda “Atəşgah”da alovlandırılması təklifi irəli sürülüb: “Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu təşəbbüsü məmnuniyyətlə qarşıladı. Məşəlin Bakıdan götürülməsi həqiqətən də möhtəşəm olar”.
A.Rəhimovun sözlərinə görə, Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimi həqiqətən möhtəşəm oldu. Azərbaycan öz tarixini, mədəniyyətini, incəsənətini, tolerantlığını, qonaqpərvərliyini və idman tarixini dünyaya nümayiş etdirdi: “Dünyanın bir çox dövlətlərinin KİV-i hər iki mərasimlə bağlı ətraflı yazılar dərc etdilər. İnanırıq ki, hələ uzun müddət Azərbaycanın bu uğuru ilə bağlı müzakirələr aparılacaq. Onu da deyim ki, biz komanda olaraq bu işin öhdəsindən gəldik. Hər şey uğurlu sonluqla yekunlaşdı”.
A.Rəhimovun sözlərinə görə, bu mərasimlərə cəlb olunan əcnəbi mütəxəssislərin hazırladıqları bütün layihələrə Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva nəzarət edirdi. Həmin mütəxəssislər müxtəlif layihələri, ideyaları təqdim etməmişdən öncə uzun müddət kitabxanalarımızda, muzeylərimizdə oldular, tarixi abidələrimizi ziyarət edib milli musiqilərimizi dinlədilər: “İlk günlər onlar Qara Qarayevin, Fikrət Əmirovun kompozisiyalarını dinləyirdilər. Bakıda bütün mədəniyyət ocaqlarımıza baş çəkib özləri üçün faktlar toplayırdılar.
Sonra isə ideyalarını hazırlayıb Mehriban xanım Əliyevaya təqdim edirdilər. Təşkilat Komitəsinin rəhbəri öz əlavələrini, düzəlişlərini edirdi və ondan sonra səhnələr hazırlanırdı. Əminik ki, nümayiş olunan bütün səhnələr, şoular xalqımızın ürəyincə olub. Bir sözlə həm açılış, həm bağlanış mərasimi ilə Azərbaycan dünyaya öz gücünü, qüdrətini nümayiş etdirə bildi”.