3 İyul 2015 00:04
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan şəhər çimərliyində çimərlik mövsümünün başlanması münasibətilə tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev tədbirdə iştirak ediblər.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək deyib ki, bu gün Naxçıvan şəhərində insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Ötən il istifadəyə verilən Naxçıvan şəhər çimərliyi də bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır. Yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət şəraiti yaradılıb. Burada restoran və digər xidmət sahələri fəaliyyət göstərir. Bu da isti yay günlərində sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkilinə imkan verəcəkdir.

Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, mayor Azadil Hüseynov yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Uşaqlar üçün çimərliyin uzunluğu 30 metr, eni 15 metr, dərinliyi isə 70-120 santimetrdir. Böyüklər üçün çimərliyin uzunluğu isə 255 metr, eni 20 metr, dərinliyi isə 2-4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Çimərlik ərazisində insanların istirahət etməsi üçün lazımi şərait yaradılıb. Burada 51 günlük, 49 çarpayı, 20 stul qoyulub, paltardəyişmə yerləri, duş kabinələri, futbol və voleybol meydançaları, eləcə də avtomobil dayanacağı yaradılıb, ictimai iaşə xidməti təşkil olunub. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır. Burada təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılıb, müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedici qrupu ərazidə xidmət aparır. Çimərlikdə xilasedici qayıqlardan istifadə olunur.

Çimərlik səhər saat 6-dan axşam saat 8-dək işləyəcək. Naxçıvan şəhərindən çimərliyə və əks istiqamətə avtobus xidməti də göstəriləcək.


Müəllif:

Oxşar xəbərlər