3 İyul 2015 11:00
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş “Azərbaycan vəkili” jurnalının altıncı sayı işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, jurnalda tanınmış hüquqşünaslar və vəkillərin hüquqi yardım almaq və vərəsəliklə bağlı hüquqlar, eləcə də mülki hüquqda presedent hüququ,müasir dünyada müxtəlif azlıqların hüquqları və s. məsələlərlə bağlı məqalələr və müsahibələr toplanıb.

Jurnalda, həmçinin Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin qəbul etdiyi maraqlı qərarlar, ötən rüb ərzində Azərbaycan qanunvericiliyində baş vermiş mühüm yeniliklər, hüququn müxtəlif sahələri ilə bağlı yerli və beynəlxalq mətbuatda dərc olunmuş maraqlı xəbərlər və hüquq aləmi ilə bağlı digər məlumatlar yer alıb.

“Vəkilin asudə vaxtı” adlı rublikada isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayevin işdən kənar məşğuliyyətləri və hobbiləri haqqında məlumatlar öz əksini tapıb.

“Sualınıza vəkil cavab versin” rubrikasında isə peşəkar hüquqşünasların müxtəlif hüquqi məsələlərlə bağlı vətəndaşların suallarına cavabları yerləşdirilib.

“Azərbaycan Vəkili” jurnalının baş redaktoru Anar Bağırov Teleqraf.com-a bildirib ki, jurnal “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin təşkilati və AR Prezidenti yanında Qeyri-hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çıxmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verəcək, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.

Hacı Zeynalov


Müəllif: