6 İyul 2015 10:57
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 60 nəfərə müvafiq yardımlar göstərib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, onlardan 43 nəfəri Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanı, qalan 17 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olub.

Qeyd olunan insanlardan 9 nəfərinə hüquqi, 6 nəfərinə tibbi, 10 nəfərinə psixoloji yardımların göstərilməsi, 1 nəfərinin sığınacaqda yerləşdirilməsi təmin edilib. 12 nəfərin məşğulluğunun təminatına, daha 12 nəfərin peşə reabilitasiyasına cəlb edilməsinə köməklik göstərilib, 1 nəfərinin ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün müvafiq rayon ƏSMM-ə müraciət olunub. Digər şəxslərin də zəruri yardımlarla təminatı istiqamətində işlər aparılıb və ayrı-ayrı şəxslər ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növləri ilə təmin ediliblər.

Bu ilin 6 ayında Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq, insan alveri ilə bağlı ictimai məlumatlandırma sahəsində Mərkəz tərəfindən tədbirlər davam etdirilib. Respublikanın bölgələrində (Şirvan, Şəki, Quba, Lənkəran şəhərləri, Şamaxı, İsmayıllı, Xaçmaz, Salyan, Neftçala, Kürdəmir, Cəlilabad, Ağstafa, Qazax, Gəncə, Şəmkir və s.) əsasən gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə mərkəzin əməkdaşları insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə interaktiv şəkildə məlumatlar veriblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər