6 İyul 2015 14:57
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada “Via della seta” (“İpək yolu”) jurnalının növbəti nömrəsi çapdan çıxıb. Nəşrdə ölkəmizin mədəniyyəti, iqtisadiyyatı, turizm və idman sahələrindəki potensialından, İtaliya ilə müxtəlif istiqamətlərdə əlaqələrimizdən bəhs edilib.

Jurnalda Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşü barədə məlumat verilir və bu səfərin dövlətlərimiz arasındakı əlaqələrə töhfəsi geniş təhlil olunur.

Nəşrdəki “Azərbaycanın tolerantlıq modeli dünya üçün örnək ola bilər” sərlövhəli yazıda ölkəmizdə mövcud multikultural mühitin Avropada, o cümlədən İtaliyada təbliği istiqamətində keçirilmiş tədbirlərdən bəhs olunur.

Jurnalın bu nömrəsində, həmçinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın tarixi ilə bağlı geniş məqalə yerləşdirilib. Yazıda Qarabağın insanların məskunlaşdığı qədim yaşayış məskənlərindən biri olması, burada tarixən yaşamış xalqlar və bu bölgənin adət-ənənələri, mədəniyyəti, incəsənəti, ədəbiyyatı ilə bağlı məqamlara toxunulur. Eyni zamanda, tarixin müxtəlif mərhələlərində ermənilərin bu bölgədə etnik təmizləmə siyasəti həyata keçirməsi və əsassız iddialar irəli sürməsi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verilir.

Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli bu kimi nəşrlərin xalqlarımızın bir-birini daha yaxından tanıması, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi imkanlarının təhlili baxımından önəmli vasitələr olduğunu bildirib. Qeyd edib ki, “Via della seta” jurnalı Azərbaycan həqiqətlərinin İtaliya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Nəşr vasitəsilə italiyalı oxucular ölkəmizin beynəlxalq əlaqələri, iqtisadi inkişafı, zəngin mədəni irsi və qədim tarixi barədə ətraflı məlumatlar əldə edə bilərlər.

Azərbaycan-İtaliya Assosiasiyasının səyi nəticəsində ərsəyə gələn nəşr ildə dörd dəfə buraxılır. Jurnalın çapdan çıxmasında əsas məqsəd Azərbaycan-İtaliya əlaqələrinin inkişafına töhfə verməkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər