Qəbələ şəhərində iyulun 6-da Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə FHN-in yaradılmasının 10 illiyinə həsr edilmiş "Gənc xilasedici" III Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" IV Ümumrespublika birinciliyinə yekun vurulub.
Yekun tədbirlərində Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilib.
Sonra nazirlər Kəmaləddin Heydərov və Mikayıl Cabbarovun rəhbərliyi ilə Qəbələ Mədəniyyət Sarayında “dəyirmi masa” keçirilib. Onlar bildiriblər ki, belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacaqdır. Nazirlər “dəyirmi masa” iştirakçılarının suallarını da cabablandırıblar. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirildiyi üçün Fövqəladə Hallar Nazirliyinə minnətdarlıq ediblər.
Sonra yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilmiş, bədii hissə təqdim olunmuşdur.
Sonda nazirlər Kəmaləddin Heydərov, Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qalib komandalara mükafatları təqdim etmişlər. Onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
Qeyd edək ki, beynəlxalq yarışda birinci yeri Rusiya Federasiyası, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Belarus komandaları tutublar. Ümumrespublika birinciliyində isə birinci yerə Siyəzən rayonunun, ikinci yerə Bakı şəhər, Nizami rayonu, 220 nömrəli məktəbin, üçüncü yerə İsmayıllı rayonunun komandaları çıxıblar.