Azərbaycan Dillər Universitetində (ADU) universitetin Elmi Şurasının qərarına əsasən ADU-nun rektoru Səməd Seyidovun 17 iyun 2015-ci il tarixli 66 saylı əmrinə müvafiq olaraq 2015/2016-cı tədris ilindən ayrıca struktur kimi “Magistratura və Doktorantura” fakültəsi fəaliyyət göstərəcək.
Universitetdən Dekanlıq ali təhsil müəssisəsinin fakültəsi haqqında əsasnamənin şərtlərinə uyğun şəkildə fəaliyyətə başlayacaq. Ölkəmizdə təhsilin ikinci və üçüncü pillələrində, yəni magistratura və doktoranturada məzunlara elmi dərəcə verildiyinə, onlar müdafiə etdikləri tədqiqat işlərinin nəticələrinə uyğun olaraq “magistr” və “fəlsəfə doktoru” elmi dərəcələri aldıqlarına görə magistratura pilləsinin universitetdə fəaliyyət göstərən beş fakültənin nəzdində fəaliyyət göstərməsi kimi yeknəsəkliyi aradan qaldırmaq məqsədilə hər iki pillənin bir qurumda birləşdirilərək fəaliyyət göstərməsinin daha faydalı və effektli olması rəhbərlik tərəfindən məqsədəuyğun hesab edilib.
Fakültə özündə birləşdirdiyi elmin iki pilləsində tədris prosesinin təşkilinə, dərs yüklərinin ayrı-ayrı kafedralar üzrə bölünməsinə, cədvəllərin hazırlanmasına nəzarət edəcək. Bununla yanaşı, dekanlıq I kursa daxil olmuş magistrantların dissertasiya işlərinin mövzularının təsdiqi, eyni zamanda II kursun sonunda həmin tədqiqat işlərinin müdafiəsi ilə bağlı bütün işlərin həlli məsələlərinə cavabdehdir. Yeni fakültəyə universitetin İngilis dilinin üslubiyyatı kafedrasının baş müəllimi Zərinə Aslanova rəhbərlik edəcək.
Onu da bildirək ki, ADU-da 300-dən artıq magistrant, 200-dən artıq doktorant təhsillərini, eyni zamanda elmi tədqiqat işləri sahəsində fəaliyyətlərini davam etdirir.