7 İyul 2015 11:12
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspertlər bunun həm də daxili turizmin inkişafına dəstək olduğunu deyir

Yay istirahətini ölkə daxilində -bölgələrdə keçirmək istəyənlərin sayı artıb. Turizm sektoru üzrə ekspert Pərviz Ağayev deyir ki, 3-4 il əvvəl istirahət üçün coğrafi baxımdan uzaq ölkələr seçirdilərsə, indi bölgələrə ekskursiya edənlər daha çoxdur. Bu isə həm də ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək baxımından faydalıdır.

Ekspert bildirir ki, son illər ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması istər xarici, istərsə də yerli turistlərin bölgələrə marağını artırıb.

Bəs, görəsən, bu imkanlardan yararlanmaq istəyənlərin seçimi hansı yerlərədir və istirahət obyektləri müştəriləri nə ilə cəlb edir?

Tələbatın çoxluğu qiymətə təsir edib

Pərviz Ağayev turizm bölgələrində kirayə verilən kənd evlərinə tələbatın artdığını söyləyir. Onun sözlərinə görə, Azərbaycanın səfalı yerlərində, turizm bölgələrində tələbin təklifi üstələməsi kirayə verilən evlərin qiymətinə təsirsiz ötüşməyib: “Evinin şəraiti qonaq qəbul etməyə imkan verən şəxslər dincəlmək üçün gələnlərə mənzil kirayəsi təklif edirlər. Tələbat çox olduğundan, qiymətlər də təbii olaraq artır”.

Ekspert paytaxta yaxın turizm bölgələrində kirayə evlərin qiymətinin baha olduğunu söyləyir. Onun sözlərinə görə, buna səbəb paytaxtda yaşayanların istirahət və bayram günlərində bir neçə günlük həmin bölgələrə gedib geri qayıtmaq üçün daha az vaxt sərf etməsidir.

Pərviz Ağayev əvvəlki illərlə müqayisədə turizmin inkişaf etdiyi bölgələrdə həm otellərdə, həm də kirayə verilən kənd evlərində qiymətlərin bahalaşdığını söyləyir: “Əslində, burada neqativ məqamlar axtarmaq lazım deyil, çünki insanlar istirahətə daha çox vaxt və pul ayırdıqları üçün qiymət artımı olur”.

Kirayə evlərlə yanaşı, istirahət üçün ənənəvi əyləncə mərkəzləri də aktuallağını saxlayıb. Qiymətlər isə müxtəlifdir.

Nabranda yerləşən “Çinar” istirahət mərkəzinin rəhbəri Niyaz Ciyərxanov deyir ki, qiymətləri tələbata görə deyil, əhalinin büdcəsinə uyğun hesablayırlar: “Bizdə qiymətlər bir ay əvvələdək bir nəfər üçün 40 manat idi, mövsümlə əlaqədar aşağı saldıq ki, əhalinin kasıb təbəqəsi istirahət edə bilsin. Qidalanma ilə birlikdə 3-4 nəfərlik otaqda birgünlük qiymət 30 manatdan başlayır”.

Bu arada, qeyd edək ki, Nabran, Quba, Xaçmazda çimərlik turizmi daha çox inkişaf edib. Odur ki, çoxları məhz çimərlikdən istifadə üçün bu əraziləri seçir.

Otel, yoxsa kənd evləri?

Rayonlara müalicə məqsədilə üz tutanlar da az deyil. Bu sırada ilk yerdə Naftalan və Masallınin adı çəkilir. Masallının relyefinə və təbiətinə görə, eyni zamanda, yer altından çıxan qaynar sulardan müalicə məqsədilə istifadə edirlər.

Bölgələrə qrup şəklində də səyahət etmək mümkündür. Bunun üçün ölkədə turlar təşkil edən kifayət qədər turizm şirkətləri var. “AFN Travel” turizm şirkətindən bildirdilər ki, hər həftənin şənbə və bazar günləri də daxil olmaqla bölgələrə turlar təşkil edilir. Bölgələrə Qəbələ, Şəki, Şamaxı, Masallı, Yardımlı, Lənkəran, İsmayıllı, Qusar, Lahıc, Qax, Zaqatala və digər rayonlar da daxildir. Yuxarıda adıçəkilən rayonlarda bir nəfərin birgünlük istirahəti yeməksiz 19 manata, yemək daxil olmaqla isə 29 manatdır.

Paytaxta yaxın kotteclərdə qalmaq isə bir qədər baha başa gəlir. Məsələn, Quba-Xınalıq yolunda yerləşən turizm obyektlərində bir gecəlik kotteclərin qiyməti 80 manatdan başlayır. Bura yemək və digər heç bir xidmət aid deyil. Bu ərazidəki otellərdə bir axşam gecələmək 100 manatdan başlayaraq 220-250 manata başa gəlir. Kottec və otellərdə gecələməyə maddi imkanı çatmayanlar isə xərclərinin bir qədər az çıxması üçün kənd evlərini seçə bilərlər.

Kənd evlərinin qiyməti isə təkcə şəraitinə görə deyil, paytaxta məsafəyə görə də dəyişir. Bu sırada Qəbələ və Qubanı seçənlər çoxdur. Qəbələdə kənd evlərində bir gecəlik kirayə haqqı 70-100 manatdan, İsmayıllıda isə 30 manatdan başlayaraq 40-60 manatadək dəyişir. Qubada isə bir gecəsi hətta 50 manata, hətta 500 manata təklif olunan ev də var.

Qiymət artımı olmayacaq

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə bu il Azərbaycanın regionlarındakı turizm obyektlərində qiymət artımının olacağının gözlənilmədiyini açıqlayıb. Şöbə müdiri bildirib ki, yay turizm mövsümünün başlanması ilə əlaqədar iyul ayının ilk günlərindən etibarən mövsüm müddətində regionlarda mehmanxanaların hazırlığı və turistlərə xidmət səviyyəsinin öyrənilməsi məqsədilə müvafiq qurumlarla birlikdə monitorinqlər aparacaq.

Azərbaycanda turizm obyektlərində qiymətlərin digər ölkələrlə müqayisədə yüksək olması ilə bağlı məsələyə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, onlar bu məsələyə birbaşa müdaxilə edə bilmirlər: “Qiyməti bazar formalaşdırır. Hər hansı dövlət qurumu və ya təşkilat bu qiymətləri formalaşdıra, qiymətə birbaşa müdaxilə və ya hər hansı nəzarət həyata keçirə bilməz. Lakin turizm obyektlərinin rəhbərlərinə müəyyən tövsiyələr verilir. Diqqətlə baxsaq, görərik ki, ötən 5 illə müqayisədə müəyyən fərqlər var. Ötən illə müqayisədə bu il hər hansı qiymət artımının olacağını düşünmürük. Biz ötən illərdə də belə bir tendensiya müşahidə etməmişik. Artıq menecerlər dərk edir ki, yalnız gecələmək üçün yataq yerini turistə satmaqla uğur əldə etmək olmur və rəqabətdə uduzurlar. Ona görə də qiymətlərə gündə 3 dəfə yemək və ya əlavə xidmət növləri daxil edilir. Bu da turizmin inkişafında öz müsbət təsirini göstərir”.

Vüqar Şıxməmmədov nazirlik adından turist səfərlərinə gedən vətəndaşlara mütləq müqavilə bağlamağı tövsiyə edib: “İnsanlarımız istər bölgələrimizə, istərsə də xarici ölkələrə turist kimi səfər edən zaman turizm şirkətlərinin fəaliyyətindən istifadə edəndə mütləq müqavilə bağlasınlar ki, onlara müqavilə əsasında xidmət göstərilsin və getdikləri yerdə həmin xidmətlər həyata keçirilsin”.

Naibə


Müəllif:

Oxşar xəbərlər