Respublika Quşçular Cəmiyyəti Azad İstehlakçılar Birliyinin son günlər mətbuatda broyler toyuqlarına GMO yemlər verilməsi fikrini əsassız sayır.
Teleqraf.com-un məlumatına görə, cəmiyyət bəyan edir ki, respublika ərazisində fəaliyyət göstərən quşçuluq təsərrüffatlarının heç birində geni dəyişdirilmiş yem komponentlərindən, harmonal preparatlardan istifadə olunmur və olunmaq ehtimalı yoxdur. Əvvəla belə komponentlərin ölkə ərazisinə gətirilməsi qadağandır.
Əgər istehsalçılara çəkisi 2 kq və yuxarı quş əti təklif olunsaydı, hardasa ehtimal etmək olardı. Ancaq bu gün bazarda 1-1,3 kq çəkidə ekaloji təmiz quş əti təklif olunur. Bu isə ancaq təbii yemlərin nəticəsində mümkün olur. Quşçuluqda istifadə olunan yem komponentləri buğda, qarğıdalı, arpa , günəbaxan yağı və tumu, soyadan ibarətdir. Ölkəmizdə istehsalı olunmayan soya xaricdən idxal olunur. Xarici bazarda geni dəyişdirilmiş və dəyişdirilməmiş soya təklif olunur.
Cəmiyyət bildirir ki, nisbətən baha (hər tonda 100 ABŞ dolları fərq) olmasına baxmayaraq, yerli quşçular xüsusi sertifikata malik təbii soya alaraq ölkəmizə gətirirlər: "Bu gün ölkəmizdə digər ölkələrə nisbətən epizotik durum normaldır və sahibkarlarımız tərəfindən istehsal olunan quş əti və ərzaq yumurtası ekaloji təmizdir və təlabata tam cavab verir".