8 İyul 2015 11:45
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Şurasının sədri Əjdər Ağayev: “Onda həm əməkhaqqı artar, həm də müəllim keyfiyyətli dərs keçər”

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirılilməsi aparılan müəllimlərin orta dərs yükünün 18 saata kimi qaldırılması bəzi müəllimlərdə anlaşılmazlıq yaradıb. İlham Nağıyev deyib ki, bəzi müəllimlər dərs yükünün artırılmasını hansısa müəllimin işdən çıxarılması kimi qəbul edirlər, halbuki bu, işdən çıxarılma hesabına yox, pensiya yaşı həddinə çatmış müəllimlərin təqaüdə göndərilməsi hesabına olur. Yəni pensiyaya çıxarılan müəllimlərin yerinə yeni müəllim işə götürülmür və onların dərs saatı digər fənn müəllimləri arasında bölüşdürülür.

Belə müəllimlərin sayının az olmadığını deyən nazirlik rəsmisi müəllimlər arasında diaqnostik qiymətləndirmənin aparılması üçün iki mühüm meyarın nəzərə alındığını söyləyib. Bu meyarların birincisi, müəllim-şagird nisbətinin müvafiq qaydaya salınması, ikincisi müəllimlərin orta dərs yükü amilidir.

İlham Nağıyev əlavə edib ki, yay ayı ərzində daha 7 rayon və şəhərdə müəllimlərin bilik və bacarılqarının diaqnostik qiymətləndirilməsi aparıla bilər, bununla əlaqədar Nazirlər Kabinetinə müraciət edilib. Əgər hökumətdən müvafiq cavab gəlsə, ölkənin 7 rayon və şəhərində qiymətləndirilmə keçirilməsi mümkündür.

Azərbaycanda dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik bir stavka dərs yükü 12 saat müəyyənləşdirilir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən isə müəllim üçün həftəlik 1 stavka dərs yükü 18 saat müəyyənləşdirilməlidir. Ancaq bu zaman həftəlik dərs yükü 2 stavkadan çox olmamalıdır.

Təhsil eksperti Nabatəli Qulamoğlu bildirir ki, Təhsil Nazirliyinin dərs yükünü bu yolla 18 saata qaldırılması müəllim sıxlığının da qarşısını alacaq: “Təhsil Nazirliyi müəllim sıxlığını bu cür azaltmağı start götürüb ki, bu da ən münasib yoldur. Bir tərəfdən yaşlaşan müəllimlər təqaüdə çıxacaq və onların yerinə müəllim götürülməyəcək. Bu o demək deyil ki, yeni kadrlar işə götürülməyəcək, vəzifəsini dəyişənlər, analıq məzuniyyətinə gedən qadın müəllimlər və başqa səbəblərdən boş qalan ştatlara işə qəbul elanı olacaq”.

Nabatəli Qulamoğlunun fikrincə, dərs yükünün 2 stavkadan çox olmamasına hələlik ucqar rayonlarda nail olmaq mümkün deyil: “Müəllimlərin əməkhaqqının artırılması ilə əlaqədar qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil ekspertləri və medianın iştirakı ilə nazirin keçirdiyi son müşavirədə Mikayıl Cabbarov bildirdi ki, kadr ehtiyacı olan bölgələrdə müəllimlərə 2 stavkadan da artıq dərs yükü verilə bilər. Dərs yükünün artırılması imkanı varsa, müəllim çox dərs deyə bilər”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə dərs yükünün 2 stavkadan artıq olmasının müəllimin tədris keyfiyyətinə və səhhətinə ciddi mənfi təsir etdiyini bildirir: “Müəllimin dərs saatının 36 saat olması onun üçün böyük yükdür. Mən cavan yaşlarımda bu təcrübədən keçmişəm və bilirəm ki, müəllim üçün bunun nə qədər çətinlikləri var. Tarix-filologiya fakültəsini bitirmişdim deyə, ixtisasım imkan verirdi ki, 3 fəndən dərs deyim. Azərbaycan dili, ədəbiyyat və tarix fənnini tədris edirdim. Baxmayaraq ki, cavan idim, 30 saatdan sonra dərs deməyə taqətim qalmırdı”.

Əjdər Ağayev dedi ki, nazirin vaxtilə dərs yükünün 2 stavkadan artıq olması fikri hazırkı vaxtda məqbul deyil: “Çünki həmin dövrdə yeniliklər konkret tətbiq olunmamışdı, dərs yükü 12 saat idi, 18 saat stavka yarım edirdi. Hazırda isə sınaq qiymətləndirməsindən uğur əldə edən müəllimlərin 2 stavkadan artıq dərs deməsi qəbul olunmur. Mən hüquqi təlimatına əsaslanmadan bir pedaqoq kimi deyə bilərəm ki, bir müəllim stavkadan artıq dərs deyirsə, onun dərsinin keyfiyyəti yoxdur. Dərsi demək üçün müəllim hər dərsə hazırlaşmalıdır, hər dərsin öz metodikasını tapmalıdı, hər dərs öncədən təşkil olunmalıdır.

Nazir o vaxt demişdi ki, son hədd 2 stavka götürülsün, o da hamıya yox. Əvvəllər bölgələrdə müəllim qıtlığı vardısa, hazırda müəllimlərin işə qəbulu elektron qəbulla aparılır və əvvəlki illərə nisbətdə indi ən ucqar yerlərə də müəllim kadrlar göndərilir. Ona görə də əvvəlki boşluqlar tədricən aradan qaldırılır. Bu baxımdan yanaşıldıqda dərs yükünün 18 saatdan artıq olmaması fikri ilə şərikəm. Amma gələcəkdə istərdim ki, 18 saat dərs yükü 21 saata qədər, yəni 3-4 saat fakültətiv məşğələlərin hesabına artırılsın, müəllimlərin əməkhaqqı yüksəlsin. Müəllimin əməkhaqqını artırıb ondan keyfiyyətli dərs tələb olunsa, müəllim əlavə hazırlıqdan, metodik tövsiyələrdən, fakültətiv dərs saatlarından, kompüter texnalogiyalarından istifadə etməklə keyfiyyətli tədrisə nail olar. Ümid edirəm ki, gələcəkdə də yeni yanaşmalar olacaq".

Sevil


Müəllif:

Oxşar xəbərlər