8 İyul 2015 12:32
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Silk Way Travel" Naftalanda yeni istifadəyə verilmiş "Garabag Resort & Spa" otelinə media-tur təşkil edib.

Yada salaq ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bir müddət öncə bu otelin açılışında iştirak ediblər.

...Gəncən hava limanında jurnalistləri "Garabag Resort & Spa" otelinin nümayəndələri qarşılayır və biz otelə yola düşürük. "Garabag Resort & Spa"nın gülərüz əməkdaşları pişvazımıza çıxır. 20-dən artıq media nümayəndəsi bu turizm obyektində insanların rahatlığı üçün yaradılan şəraitlə tanış olmağa başlayır.

Naftalan vannaları, masaj, su şırnağı ilə müalicə...

Otelin baş meneceri Orxan Kutluayın sözlərinə görə, Azərbaycan inkişaf dövrünü yaşayır və bölgələrdə turizmin inkişafına xüsusi diqqət ayrılır: "2012-ci ildə 13 hektar ərazidə "Garabag Resort &SPA" otelinin tikinti işlərinə başlandı. İş uğurla yekunlaşdı. Bizim əsas məqsədimiz otelimizə gələn qonaqları gülərüz qarşılamaq, onlara yüksək səviyyəli xidmət göstərməkdir. Bura təkcə insanların istirahətinə yox, həm də müalicəsinə xidmət edir. 264 yerlik bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Oteldə neft müalicəsi üçün yüksək səviyyəli xidmət təklif edilir.

Müalicə zamanı neft vannaları ilə yanaşı, fizioterapiya, ultrasonoqrafiya, mineral hamamlar, aromaterapiya, krioterapiya, fitoterapiya, şarko duş, hidroterapiya üsullarından da istifadə olunur. Bütün bunlar isə yüksək ixtisaslı həkimlərin apardığı testlərin ardından təklif edilir.

Neft vannası qəbul edilməmişdən öncə pasiyentlər tibbi müayinədən keçirlər. Türk hamamı, eləcə də, sauna, duz kabineti insanların rahatlığı üçün bütün standartlara cavab verir. Duş kabinetlərində su şırnağı ilə müalicə, hidroterapiya kimi müalicə vasitələri tətbiq edilir".

Orxan Kutluayın sözlərinə görə, "Garabag Resort and SPA" yalnız geniş parkın kölgəsində fəaliyyət göstərən otel deyil, həm də sağlam həyat, rahatlıq və yüksək mətbəxin vəhdətidir: "Burada 264 yerlik və bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Oteldə 30, 35, 45, 64, 104 kvadrat metrlik otaqların qiymətləri ölçüyə uyğun olaraq dəyişir. Bir nəfərlik otağın qiyməti 135 manatdır. Bu qiymətə gün ərzində 3 dəfə yemək, sauna, hamam, hovuzlar, voleybol, badminton, tennis, basketbol, mini qolf, uşaq meydançası, kitabxana, Wi-Fi, canlı musiqi axşamları, oyun zonası, bilyard kimi xidmətlər daxildir.

Xüsusi olaraq onu da qeyd etmək istəyirəm ki, əlilliyi olan insanlar üçün bütün lazımi şəraitimiz var. Otel müalicəvi mərkəz olduğu üçün binanın daxilində heç bir yerdə siqaret çəkməyə icazə verilmir və tütün məmulatları satılmır. Bundan başqa, oteldə spirtli içkilərdən istifadə üçün əlavə ödəniş tələb olunur".

Həm istirahət, həm də müalicə

"Garabag Resort & Spa" hotelinin həkimi Azər Vaqifsoyun sözlərinə görə, Naftalan deyiləndə, adətən, insanların ağlına neft vasitəsilə müalicəvi-tibbi xidmət gəlir: "Halbuki "Garabag Resort and SPA" səksən adda laborator xidmət göstərir. Müalicənin keyfiyyəti məsələsindən danışsaq, qeyd edə bilərəm ki, bizdə bütün tibbi cihazların həm Azərbaycan, həm də Avropa ölkələri tərəfindən verilən uyğunluq sertifikatı var. Müraciət edən insanları düzgün müalicə etmək üçün hər cür imkan və şəraitimiz var.

Biz müəyyən xəstəliklərdən əziyyət çəkən şəxslərin tam və mükəmməl müalicəsi üçün alternativ üsullar təklif edirik. Alternativ müalicənin vanna qəbulundan fərqi o qədər də böyük deyil. Onu da qeyd edim ki, bu tip üsullar sınaqdan çıxarılıb və müsbət nəticələri ilə yadda qalıb. Ona görə də, bizə müraciət edənlər tam arxayınlıqla öz sağlamlıqlarını etibar edə bilər".

"Motal pendiri dadına görə əsl möcüzədir"

Oteli gəzə-gəzə gəlib yeməkxanaya da çıxdıq. Burada səhər, günorta və axşam milli, Türkiyə və Avropa mətbəxinin nümunələri təqdim olunur.

Otelin baş aşpazı Mehmet Ektirir mətbəxdə bişirilən yeməklərlə, istifadə olunan tərəvəzlərlə yaxından tanış olmağımız üçün bizi içəri dəvət edir. İlk öncə tərəvəzlərin toplandığı bağa yollanırıq. Burada müxtəlif növ tərəvəzlər yetişdirilib. Dərdiyimiz tərəvəzləri mətbəxə gətirib usta ilə birlikdə yemək bişirməyə başlayırıq.

Aşpaz deyir ki, yemək bişirmək insanın yaşam tərzi olmalıdır: "Hər yeməyə uyğun qablardan, alətlərdən istifadə edilməlidir. Biz hər yeməyi fərqli taxta üzərində doğrayırıq. Məsələn, balıq yaşıl taxtada, ət qırmızı taxtada... "Garabag Resort & Spa" otelində yeməklərlə bağlı xüsusi konsepsiya əsasında hərəkət edilir.

Burada dieta, allergik, təzyiq və ya şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün xüsusi menyular mövcuddur. Əsas restoranda xarici ölkələrin və yerli mətbəxin nümunələrinə müraciət edilir. Oteldə hər gün bir xarici ölkənin yeməkləri bişirilsə də, Azərbaycan mətbəxi hər zaman öz aktuallığını qoruyur. Bütün yeməklər təzə və keyfiyyətli məhsullarla hazırlanır".

Mehmet Ektirir deyir ki, Azərbaycanda təbii məhsullar daha çox üstünlük təşkil edir: "Yeməklərin hazırlanması üçün məhsullar Azərbaycanın ayrı-ayrı bölgələrindən gətirilir. Ləzzətin standartlaşması üçün bu amil mühüm əhəmiyyətə malikdir. Məhsulların hər birinin öz ləzzəti, öz ətri var.

Azərbaycanda ət və ət məhsullarının keyfiyyəti yüksəkdir. Mən Azərbaycan xalqının mürəbbə bişirmək bacarığına heyran qalmışam. Bu dadlı mürəbbələrdən otellərində qonaqlara təqdim olunur. Motal pendiri dadına görə əsl möcüzədir".

Turistləri cəlb etməliyik

Aşpazın sözlərinə görə, mətbəx personalını əsasən yerli insanlar təşkil edir: "Burada onlara xarici ölkə mətbəxlərinin nümunələrinin hazırlanması öyrədilir. Mənim fikrimcə, Azərbaycanda turizm inkişaf etdikcə, otellərin sayı artdıqca peşəkar aşpazlara tələb də çoxalacaq. Bunun üçün indidən peşəkar aşpazlar formalaşdırılmalıdır.

Yeməklərin hazırlanması, onların təqdim olunması məsələsi hər bir otelin uğurlu fəaliyyətində mühüm əhəmiyyət daşıyır. Əsas məsələ Azərbaycan mədəniyyətini, mətbəxini dünyaya tanıtmaq, xarici turistləri buraya cəlb etməkdir. Çünki turistlərin yaddaşında gördüyü mənzərələrlə yanaşı, həmin ölkədə yediyi yeməyin dadı da qalır".

Nəhayət, üç günlük səfərimiz yekunlaşır və biz buradan ayrılırıq. Otelin işçiləri, ən əsası, baş menecer Orxan bəy jurnalistlərlə vidalaşır və bizi öz otellərində yenidən görmək istədiklərini bildirir.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər