10 İyul 2015 14:14
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Bələdiyyə və media: mövcud durum və inkişaf istiqamətləri” mövzusunda tədbir keçirilib.

Teleqraf.com-un verdiyi məlumata görə, “Bələdiyyə həyatı” qəzetinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan mətbuatının 140 illiyinə həsr olunub.

“Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqli çıxışında bildirib ki, rəhbərlik etdiyi qəzetdə bələdiyyə ilə bağlı çox saylı materiallar çap olunur: “Bizim qəzetin elektron variantı var və belediyye.info saytında qəzetin hər nömərəsi PDF formatında yerləşdirilir. “Bələdiyyə həyatı” qəzeti bələdiyyələrin fəaliyyətini stimullaşdımaq üçün bir vasitədir”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Arif Rəhimzadə bələdiyyə institutunun Azərbaycanda ən vacib dövlət orqanlarından biri olduğunu söyləyib: “Fürsətdən istifadə edib mətbuat işçilərini təbrik edirəm, onlara uğurlar arzulayıram. Media bizim həyatımızda böyük yer tutur. Azərbaycan mətbuatı hazırda özünün ən yüksək dövrünü yaşayır. Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda söz və media azadlığının olmadığını bəyan etsələr də, bu belə deyil”.

Bələdiyyələrin fəaliyyətinə toxunan A.Rəhimzadə qeyd edib ki, bilən də, bilməyən də bələdiyyələri tənqid edir: “Hazırda bir çox hallarda insanlar bələdiyyələrlə partnyorluğa hazır deyil. Biz iş görməkdən çox, şikayətlənirik. Bələdiyyələrin yaxşı fəaliyyət göstərməsi üçün insanlar fəal olmalıdırlar. Biz bələdiyyəni istədiyimiz kimi görmək üçün fəal olmalıyıq. “Bələdiyyə həyatı” qəzeti bundan sonra daha açıq, daha yaxşı şəkildə bələdiyyə həyatını işıqlandırmalıdır. Qəzet müsbət nəticəni təbliğ edib, nöqsanları təqdim etməlidir. Bələdiyyələrimiz inkişaf edəndən sonra “Bələdiyyə həyatı” qəzetinə də tələbat artacaq”.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə isə çıxışında qeyd edib ki, Azərbaycan mediası öz üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gəlib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, insanlarda azadlıq şüurunun formalaşmasında Azərbaycan mediasının böyük rolu olub. Mediamız bugünkü inkişaf dövrünə asanlıqla gəlib çıxmayıb. 1991-ci ildə qazandığımız müstəqilliyin qorunub saxlanmasında medianın özünəməxsus rolu olub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan mediasının inkişaf yolu açıldı. Azərbaycanda senzuranın ləğv edilməsi bunun ən bariz nümunəsidir. Dövlətimizin müstəqilliyinin qorunmasında, torpaqlarımızın işğalının dünya mediasında təbliğində Azərbaycan mediasının misilsiz xidmətləri var. Burada Mətbuat Şurasının da rolunu mütləq etməliyik”.

M. Səlimzadə onu da əlavə edib ki, “Bələdiyyə həyatı” qəzeti bələdiyyələr haqda əsassız yazılar yazan “reket” mətbuatına qarşı da adekvat hərəkət etməlidir: “Çox təəssüf ki, Azərbaycanda bu cür fəaliyyət göstərən qəzetlər var. Mətbuat Şurası onların siyahısını hazırlayır. Guya onlar bələdiyyə işi ilə bağlı maarifləndirmə aparırlar. Təbii ki, onların niyyətləri əyridir. “Bələdiyyə həyatı” qəzeti buna imkan verməməlidir. Qəzetdə Azərbaycanda bələdiyyələrin gördükləri işlər təbliğ ediməlidir. Hesab edirəm ki, bugünkü tədbir təsadüfi deyil. Bu tədbir çox əhəmiyyətlidir. “Bələdiyyə həyatı” qəzetində geniş materiallar hazırlamaq lazımdır, müsahibələr almaq lazımdır. Bu qəzet bələdiyyələrin stolüstü qəzeti olmalıdır”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər