Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-də yığım səviyyəsi qənaətbəxş olub.
SOCAR-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu ilin iyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 127 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1 624-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 3 503-ü isə regionların payına düşüb.
Həmin dövrdə əhali sektoru üzrə 72 537 868 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 136,5 faiz vəsait toplanıb. Qeyri-əhali sektoru üzrə isə 104 967 743 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 108,6 faiz vəsait toplanıb.
Onu da qeyd edək ki, 01 iyul 2015-ci il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 123 964 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 324 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Naibə QURBANOVA